Cəmiyyətdə qadınların rolu artır

Ölkəmizdə qadının cəmiyyətdəki yeri və rolu dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Azərbaycan qadını analıq missiyasını yerinə yetirməklə bərabər, həm də bacarıqlı siyasətçi, uğurlu iş adamı, sadiq dövlət məmuru, yüksəkixtisaslı peşəkar mütəxəssisdir. Bu cür fəal həyat mövqeyi respublikamızda uğurla həyata keçirilən gender siyasətinin mahiyyətindən, qadınlara müasir cəmiyyətin tamhüquqlu üzvləri kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra qadınların ictimai-siyasi həyata qovuşması, onların dövlət idarəçiliyində geniş təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət-qadın siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Çünki Azərbaycan məhz müstəqillik qazandıqdan sonra gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib, qadın hüquqlarının qorunması, məişət zorakılığının qarşısının alınması sahəsində güclü qanunvericilik bazası yaradılıb. Qadınların sosial həyatın bütün sahələrində fəal iştirakı üçün şərait yaradılıb və mühüm işlər görülüb. Azərbaycanda fəaliyyət göstərən aidiyyəti QHT-lərin qadınların cəmiyyətdəki rolunun artırılması istiqamətində fəal iştirakı getdikcə genişlənib.

Qadınların dövlətlərin sosial-iqtisadi həyatında bərabər iştirakı hələ də dünyanın bütün aparıcı təşkilatlarının gündəmində duran aktual məsələlərdən biridir. Azərbaycanda isə müstəqillik illərindən bu mövzuya xüsusi diqqət yetirilib, dövlət strukturlarının fəal dəstəyi qadın sahibkarlığının inkişafına müsbət təsir göstərib, amma buna baxmayaraq yerlərdə bu məsələlərdə hələ də bir sıra problemlər özünü büruzə verir. Bu çətinlikləri aradan qaldırmaq, qadın sahibkarlığının dəstəklənməsi üçün mövcud problemləri minimuma endirmək məqsədilə özünüməşğulluq üçün yeni xidmətlər və hökumət tərəfindən həyata keçirilən dəstək tədbirləri də ilbəil artır. Bugünkü müzakirədə iştirak edən qadın təşkilatları rəhbərlərinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təqdim etdikləri layihələrdə də bu barədə söhbət açılır.

Novella CƏFƏROVA,

“D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyinin sədri:

– Azərbaycan cəmiyyətində qadınlarla bağlı bütün problemləri ilk dəfə cəmiyyətin nəzərinə çatdıran və çıxış yollarını göstərən 1989-cu ildə təsis edilən
D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti olub. Bu gün Bakıda və regionlarda fəaliyyət göstərən çoxsaylı qadın təşkilatlarının əksəriyyəti cəmiyyətin, necə deyərlər, “şinelindən” çıxıb.

Təşkilatımızın əsas məqsədi cəmiyyətdə qadınların rol və hüquqlarını genişləndirmək yolu ilə onların dövlət qadın siyasətinin aparıcı qüvvəsinə çevrilməsidir. Fəaliyyətimiz dövründə qadınlarla bağlı çox sayda layihələr həyata keçirmişik. Burada layihələr dedikdə, qadınların hüquqi sahədə maarifləndirilməsi, onlarda liderlik xüsusiyyətlərinin inkişaf etdirilməsi, onları problemlərin həllinə cəlb etməklə fəallaşdırılması və cəmiyyətin sosial-iqtisadi və mədəni həyatında rol və hüquqlarının artırılması nəzərdə tutulur. Bundan başqa, seçkili orqanlarda iştirak etmək üçün qadınların maarifləndirmə yolu ilə hazırlanması, reallıqda qadınlara kişilərlə bərabər hüquq və imkanların verilməsinin həyata keçirilməsi, sahibkarlıq fəaliyyətinə hazırlanması və cəlb edilməsi ilə ölkədə layiqli iş yerlərinin yaranmasına və yoxsulluğun azaldılması istiqamətində layihələrin icrası diqqətdə saxlanılır.

Bu məqsədlərin həyata keçməsində bizə ölkəmizdə və xaricdə fəaliyyət göstərən səfirliklər, nümayəndəliklər, fondlar, nazirliklər, sonrakı illərdə isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və QHT-yə Dövlət Dəstəyi Agentliyi dəstək olub.

Bu il agentliyə təqdim etdiyimiz layihə “Regionlarda qadın və qızların bələdiyyələrdə iştiraklarını genişləndirməklə gender bərabərliyinin təbliği” adlanır. Layihəni əsasən, Masallı və Astara rayonlarında reallaşdırmağı düşünürük. Məqsədimiz regionlarda qadın və qızların cəmiyyətdə inkişafına və onları 2024-cu il dekabrın 22-də keçiriləcək bələdiyyə seçkilərinə daha çox cəlb etməkdir. Məqsəd, eyni zamanda, onların bələdiyyələrdə iştiraklarının genişləndirilməsi, seçkilərdə saylarının çox olması və gender bərabərliyinə nail olmaqdır. Layihəni 2 istiqamətdə həyata keçirməyi nəzərdə tuturuq. Birinci istiqamət – qadın və qızların inkişafına nail olunması, namizədlərin özlərinə inamlarının artması üçün region qadınlarının maarifləndirmə və məlumatlandırılmasıdır.

İkinci istiqamət isə seçkili orqanlarda qadın və qızların təmsilçiliklərinin artırılmasıdır. Bu, eyni zamanda, gender bərabərliyinə nail olmaqdır. Biz bələdiyyə seçkilərində namizəd olmaq istəyən qadınları bələdiyyələr, seçkilərlə bağlı qanun haqda və seçki prosesinin aparılması ilə bağlı maarifləndirəcəyik.

Layihəni həyata keçirən zaman qadınların yaş həddi, yəni onların gənc və ya orta yaşlı olması nəzərə alınmayacaq. Daha savadlı, bacarıqlı, işləmək arzusunda olan, layiqli xanımlara üstünlük veriləcək. Qadınlarla bağlı layihələrin qadın fəallığına təsir edəcəyinə əminik.

Bahar QASIMOVA,

“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri:

– 103 illik tarixi,75 mindən çox üzvü olan təşkilatımız fəaliyyəti dövründə bir çox layihələrə imza atıb, postmüharibə dönəmində 6 dəfə sərhəd zonasında əsgərlərlə görüşüb, “100 əsgərə 100 məktub, 100 sovqat” layihəsi çərçivəsində maddi-mənəvi dəstək göstərib, 200-dən artıq beynəlxalq təşkilatlara və dövlət rəhbərlərinə müxtəlif dillərdə bəyanatlar və müraciətlər göndərib.

Təşkilat tərəfindən Ağdam, Ağcabədi, həmçinin Bakının Xəzər və digər rayonlarında şəhid ailələrinin üzvlərinə, qazilərə və aztəminatlı ailələrə psixoloji, tibbi, hüquqi yardımlar edilib. İçərişəhərdə, Xırdalan şəhərində, Sabunçu, Suraxanı və Yasamal rayonlarında 115 ailəyə müəyyən məbləğdə talonlar paylanılıb. “Narkotik maddələr tələdir” layihəsi çərçivəsində Lənkəran, Masallı və Bakı kəndlərində əhali arasında maarifləndirici söhbətlər aparılıb.

İçərişəhərdə Bəylər məscidində ­Prezident İlham Əliyev və ­Birinci ­vitse-prezident Mehriban xanım ­Əliyevanın iştirak etdikləri qədim Quran kitabları və əmanətlər sərgisi təşkil olunub. Şuşa və Ağdama ziyarət zamanı məscidlərə çox qədim, ceyran dərisi üzərində yazılan Quranlar bağışlanılıb.

Bütün bunlarla yanaşı, cəzaçəkmə müəssisəsində xanımlarla görüşüb ­maarifləndirici söhbətlər aparmışıq. Respublikada ilk dəfə gözdən əlil uşaqlar arasında şahmat yarışı keçirmiş və internat məktəbdə 20 şagirdin gözlərini müayinə etdirib himayəyə götürmüşük.

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Yasamal rayonunda “Əbədiyaşar Ulu öndər” adlı tədbir, Abşeron rayonunda “100 agac əkək” aksiyası, Şuşa–Laçın dəhlizində aksiyaya qoşulub Bakı Mühəndislik Universiteti ilə birgə “Qarabağda ekoloji terrora son!” ­elmi-praktik konfrans keçirmişik.

Şəhid ailələrinin üzvlərinə, qazilərə, aztəminatlı ailələrə daim dəstək göstərilir. Narkomaniya, digər sosial problemlərə və məişət zorakılığına nəzarət edir, TV kanallarında ekspert kimi maarifləndirici söhbətlər aparırıq.

Bu il təqdim etdiyimiz “Qadınlar ailə dəyərləri uğrunda” adlı layihəmiz sosial problemləri əhatə edir. Ağcabədi, İsmayıllı və Qusar rayonlarında keçirəcəyimiz bu layihənin icrası zamanı yerli icra orqanları, gənclər, yuxarı sinif şagirdləri, ­valideynlər, hüquq-mühafizə orqanlarının və sosial-təminat qurumlarının nümayəndələri ilə birlikdə maarifləndirici söhbətlər, psixoloq, hüquqşünas, tibb işçiləri ilə görüşlər nəzərdə tutulub. Tədbirlərdə boşanmalar, erkən nikahlar, zərərli vərdişlər, məişət zorakılığı və digər məsələlər müzakirə olunacaq. Şəhid ailələrinin üzvlərini, qaziləri və aztəminatlı ailələri həmişə olduğu kimi ziyarət edəcək, layihədən kənar şəxsi vəsaitimiz hesabına onlara maddi dəstək göstərəcəyik.

Hazırda COP29-la bağlı təşkilatın keçirəcəyi layihə hazırlayırıq.

Səadət BƏNƏNYARLI,

“Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri:

– Əsas istiqamətimiz ölkədə ən az hüquqi yardım alan həssas qruplarla işdir. Elə əhali qrupları var ki, onların problemləri ilə onlarca vətəndaş cəmiyyəti institutu məşğuldur. Üstəlik dövlət də xüsusi həssaslıq göstərir. Bu sıraya şəhid ailələrinin üzvlərini, qaziləri, ahıl insanları, valideyn himayəsindən məhrum uşaqları və s. aid etmək olar. Ancaq elə problemlər var ki, faktiki olaraq ölkənin bütün əhalisini əhatə edir, amma sosial problem kimi dərindən araşdırılmadığından, ya da onların həlli gündəmə yeni gəldiyindən vətəndaş cəmiyyətinin aktiv müdaxiləsinə ehtiyac var. Məsələn, gənclərin yad təsirlərdən qorunması, özəlliklə Azərbaycanın dövlət və milli maraqlarına ziyan vurmaq istəyən kənar güclərin süni surətdə yaratmaq istədiyi narkomaniya, ideoloji təbliğat kimi problemlərin həllinə dəstək təşkilatımızın prioritetlərindəndir.

Biz indiyə qədər bu məqsədlə bir neçə uğurlu layihə həyata keçirmişik. Həm maarifləndirmə, həm hüquqi yardımla məşğul olmuşuq. Eyni zamanda, vətəndaş qrupları ilə təmaslar zamanı topladığımız bilgilər əsasında konkret təkliflər hazırlayaraq uyğun dövlət qurumlarına təqdim etmişik. Sevinirik ki, təkliflərimiz əsasında hazırlanan bir sıra qanunvericilik təşəbbüsləri Milli Məclisin komitələrində müzakirə edilib, zaman-zaman qanunverici bazada əks olunub.

Bizim bu yaxınlarda icrasına başladığımız “Həssas əhali qrupuna aid olan qadın və gənclərin sosial hüquqlarının müdafiəsi” layihəsinin də məqsədi yuxarıda sadaladıqlarımızdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçiriləcək layihə Bakıda və regionlarda icra ediləcək.

İndiyə qədər də layihələrin bölgələrdə icrasına üstünlük vermişik. Çünki paytaxtda insanların öz məsələlərini həm ictimailəşdirməsi asandır, həm rəsmi qurumlara, həm də vətəndaş cəmiyyəti institutlarına çıxış imkanları daha çoxdur. Bölgələrdə bu imkanlar məhduddur. Ona görə də biz peşəkar komandamızla həm problemlərin öyrənilməsi, həm onların həlli yollarının tapılması, həm hüquqi dəstək, həm rəsmi qurumlarla əlaqələndirmə məsələlərində vətəndaşlara yardım etməyə çalışırıq.

Bugünə qədər yüzlərlə vətəndaşa konkret məsələnin həllində yardım etmişik, ehtiyac olduğu zaman psixoloqlarımız ailələri ilə danışıqlar aparıblar, onlara rəsmi qurumlara müraciət vərdişləri öyrədilib, məsələlər həll edilənə qədər proses nəzarətdə saxlanıb. Bir məsələni unutmaq olmaz ki, görülən iş kompleks xarakter daşımalıdır – başdan sona qədər, hətta proses bitəndən sonra da ailə ilə, ya da şəxslə təmaslar itməməlidir. Vətəndaş cəmiyyəti məhz belə yaranır.

Südabə ŞİRƏLİYEVA,

“Qadın və müasir dünya” ­Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyinin ­sədri:

– “Qadın və müasir dünya” Sosial Xeyriyyə Mərkəzi İctimai Birliyi 25 il bundan əvvəl Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Milli QHT kimi BMT-nin bütün tədbirlərində iştirak etmək hüququ və müzakirə olunan məsələlər üzrə statment hazırlayıb yaymaq səlahiyyətimiz var.

Biz BMT-nin elan etdiyi müddətdə “Yoxsulluğun həlli yolu ilə gender bərabərliyinin və bütün qadınların və qızların səlahiyyətlərinin artırılmasının sürətləndirilməsi və genderə cavab verən institutların və maliyyələşdirmənin güc-
ləndirilməsi” mövzusu üzrə “Azərbaycanda yoxsulluğun həlli yolu ilə gender bərabərliyinin və qadınların və qızların səlahiyyətlərinin artırılmasının sürətləndirilməsi” adlı 1500 sözdən ibarət statment hazırlayıb qeydiyyatdan keçirmişdik. Bu statmentlər çap olunub bütün iştirakçılar arasında paylanır. BMT-nin mənzil-qərargahında Qadının Statusu üzrə Komissiyanın illik toplantısı olan 68-ci sessiyasında iştirak etmişəm.

Təşkilatımız bu il “Kənd yerlərində qadınların sahibkarlıq fəaliyyəti” informasiya treninq proqramını icra edəcək. Bu, əvvəllər həyata keçirdiyimiz layihələrin davamıdır və builki layihəni də həmin istiqamətdə Şirvan zonasında kənd qadınları arasında sahibkarlıq və kiçik biznesin inkişafı – məşğulluq problemlərinin həllinə kömək informasiya– treninq proqramı kimi reallaşdıracağıq.

Layihə iki mərhələdə həyata keçiriləcək. İsmayıllı, Ağsu, Şamaxı və Qobustan rayonlarında hər mərhələdə bir gün olmaqla iki günlük təlimlər aparılacaq.

Kənd yerlərində qadınlar kənd təsərrüfatında çalışan işçi qüvvəsinin böyük hissəsini təşkil edir, ödənişsiz ev işlərinin və baxım işlərinin çoxunu görür, ev təsərrüfatını idarə edir, ərzaq istehsalını gerçəkləşdirir və s. Düşünürük ki, işsizliklə mübarizə aparmaq üçün ən təsirli strategiyalardan biri kiçik və orta biznesin inkişafıdır. Aparılan təhlillər nəticəsində məlum olub ki, özünüməşğulluqda iş tapmış və yaxud da iş yeri yaratmaq istəyən əhalinin 70 faizi kənd yerlərində yaşayanlardır. Demək olar ki, özünüməşğulluq de-fakto aşağı keyfiyyətli iş yerləri ilə xarakterizə olunan gizli işsizliyin maskalanmasının əsas forması kimi çıxış edir, yəni qazanc çox vaxt sadə yaşayış minimumu səviyyəsində olur.

Son illərin müşahidələri göstərir ki, ölkəmizdə qadınlar kiçik biznesin yaradılmasına və özünüməşğulluğuna daha çox maraq göstərirlər. Stereotiplər, Şərq təfəkkürü, kişi tərəfdaşlar tərəfindən qeyri-ciddi münasibəti aradan qaldırmaq bəzən işə başlamaqdan daha çətindir. Digər tərəfdən, qadınlara uğurlarını sübut etmək üçün kişilərlə müqayisədə biznes üçün lazım olan ilkin kapitalı toplamaq daha çətindir.

Bizm QHT-nin həyata keçirdiyi bu layihənin əsas məqsədi “kölgədən çıxmaq” üçün stimullaşdırıcı tədbirlərin işlənib hazırlanması və özünüməşğulluqda artım sahələrinin inkişafında qadınların potensialının artırılmasına kömək etməkdir. Biz hesab edirik ki, icra hakimiyyəti orqanları aktiv məşğulluq tədbirləri hazırlayarkən, layihələrin hədəflərinə nail olmaq üçün, habelə makro səviyyədə məşğulluq siyasətinin əsas istiqamətlərini müəyyən edərkən qadınların potensialının üzə çıxarılmasına çalışmalıdırlar.

Vüsalə ƏLİYEVA,

“Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlara və Onların Ailələrinə Yardım” İctimai Birliyinin sədri:

– İctimai birliyimiz 2017-ci ildən müxtəlif layihələrin icrasına imza atıb. 2019-cu idə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 1-ci qrant müsabiqəsində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara ümumi, orta ixtisas və ali təhsil, mədəniyyət və incəsənətin inkişafına dair təşəbbüslər”lə iştirak etmişik. 2022-ci ildə isə “Xüsusi qayğıya ehtiyacı olan gənc xanımların peşə təlimi və peşə təhsilinə marağın artırılması üzrə təşəbbüslər” layihəsini həyata keçirmişik. Layihənin icrası çərçivəsində gənc qız və xanımlara peşəkar təlimçilər tərəfindən rəssamlıq kursları və qadın bərbəri peşələrinin öyrədilməsi istiqamətində təlimlər keçirildi. Müxtəlif peşə təlimləri keçməklə göstərmək istəyirdik ki, peşə təhsili, ümumiyyətlə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara necə müsbət təsir edir. Keçirilən təlimlərdən sonra xanımlar informasiya əldə edə, asudə vaxtlarını səmərəli və maraqlı keçirə, intellektual səviyyələrini artıra, ictimaiyyətlə sıx virtual əlaqə saxlaya bildiklərini söyləyirdilər.

“Peşə təhsili və təlimi” layihəsinin icrası zamanı 3 nömrəli internat məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqlara təlimçilər tərəfindən rəssamlıq, kompüter kursları, qadın bərbəri, aşpazlıq peşələrinin öyrədilməsi istiqamətində təlimlər keçirildi.

2023-cü ildə ictimai birliyimiz “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi – peşə təhsilinin təşviqi ilə bağli tədbirlərin təşkili” adlı layihə icra etdi. Layihənin məqsədi peşə təhsilini təbliğ etmək, peşə təlimləri barəsində maarifləndirmə işləri aparmaq, insanları peşə təhsilinə cəlb etmək idi.

Bu il “Xüsusi qayğıya ehtiyacı olan ailələrdə qadınların peşə təhsilinin gücləndirilməsi” layihəsini təqdim etmişik. Layihəni həyata keçirmək üçün hər şeydən əvvəl işçi qrupu hazırlanacaq. Qrup üzvləri arasında iş bölgüsü aparılacaq. Layihənin icrasına dəstək məqsədilə aidiyyəti üzrə qurumlara rəsmi məktublar yazacaq, danışıqlar aparacağıq. Təlimlərdə istifadə etmək məqsədilə uyğun materiallar hazırlamağı və peşələr üzrə təlimçilər dəvət etməyi planlaşdırmışıq.

Layihənin icrasına may ayından başlayacağıq. Bakı və Gəncədə peşə təhsilinin daha önəmli olduğuna dair məlumatlandırma işi aparılmalı, xanımlara peşə təhsilinə diqqəti artırmalı, onların işsizliyinin aradan qaldırılmasında mühüm rol oynayacağı əhaliyə, əsasən də qadınlara çatdırılmalıdır. Hər birində 4 dəfə olmaqla seçim əsasında aztəminatlı və şəhid ailələrinin üzvləri olan qadınlara aşpazlıq və bərbər təlimləri keçiriləcək.

Təlimlər bitdikdən sonra iştirakçılara peşə sertifikatları veriləcək ki, bu da onların işlə təmin olunmalarına kömək edəcək. Bakıda 15 nəfərin iştirakı ilə bərbərlik, Gəncədə isə həmin sayda aşpaz sənətinə yiyələnmək istəyənlər üçün peşə təlimi kursları keçiriləcək. İnanıram ki, hazırda təqdim etdiyimiz layihəni də uğurla icra edəcək, qadınların peşə təhsilinə cəlb olunması istiqamətində istəyimizə qismən də olsa nail olacağıq.

Sevil ALLAHVERDİYEVA,

“Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyinin sədri:

– 17 ildir ki, təşkilatımızın fəaliyyət istiqamətləri müxtəlif olsa da, əsas məqsədi qadınların hüquqi biliklərinin yüksəldilməsinə və hüquqlarının qorunmasına yardım etməkdir. 2006-cı ildən indiyədək ölkə ərazisində çoxsaylı layihələr icra etmişik. Son 3 ildə reallaşdırdığımız layihələrdən qısaca danışım.

Öncə onu deyim ki, 2021-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Məişət zorakılığına son qoyaq” adlı tədbirlərin təşkili” layihəsini reallaşdırmışıq. Layihənin icrasını İmişli, Ucar, Ağdaş və Zərdab rayonlarında həyata keçirmişik. 2022-ci ildə agentliyin dəstəyilə “Qızların ali və peşə təhsilinə marağının artırılması ilə təhsildən yayınmalarının qarşısının alınmasına dəstək” layihəsini Masallı, Cəlil-
abad, Saatlı və Sabirabad rayonlarında reallaşdırmış, qızların ali təhsildən uzaq düşsə də, bir peşəyə sahib olmasının vacibliyi ilə bağlı onları və valideynlərini məlumatlandırmışıq.

Ötən il isə “Regionda yaşayan qadınların elektron xidmətlərdən istifadə ilə bağlı məlumatlandırılması” layihəsini icra etmişik. Layihəni Şirvan, Kürdəmir, Neft-
çala və Zərdab rayonlarında texnologiyalara maraq göstərən gənclər, habelə digər rayon sakinləri ilə həyata keçirmişik.

Bu il təqdim etdiyimiz “Həssas qrupdan olan qadınların müdafiəsi” adlı layihənin əsas məqsədi məişət zorakılığından əziyyət çəkən, övladını təkbaşına böyüdən və digər həssas qruplardan olan qadınlara ödənişsiz hüquqi məsləhət xidməti göstərib, onların hüquqlarını qorumaqla sosial vəziyyətlərini yaxşılaşdırmaqdır.

Layihənin icrası müddətində məişət zorakılığına məruz qalan, övladını təkbaşına böyüdən və digər həssas qruplardan olan 30–35 nəfər qadına ödənişsiz hüquqi konsultasiya xidməti göstəriləcək. Layihə çərçivəsində hədəf qrupundan olan müraciətlər əsasında onların hüquqlarının qorunması üçün tələb olunan ərizə, şikayət və müraciətlər hazırlayacağıq. Bundan başqa, aliment təyini, həmçinin alimentin artırılması, uşaqların ananın himayəsində saxlanması, məhkəmədən öncə mediasiya sənədlərinin hazırlanmasında hədəf qrupuna hüquqi xidmət göstəriləcək.

Layihənin əsas tərəfdaşı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olacaq. Layihənin icrasında komitə və regionlarda fəaliyyət göstərən qadın resurs mərkəzləri ilə əməkdaşlıq ediləcək. Əvvəlki illərdə birgə çalışdığımız həmin qadın resurs mərkəzləri vasitəsi ilə də hələ də hüquqlarını bilməyən, hüquqi məsləhət xidmətinə ehtiyacı olan qadınlara dəstək göstəriləcək.

Jalə TEYMURLU,

“İnci” Məcburi Köçkün Qadınlar Birliyinin sədri:

– İctimai birliyimiz 2009-cu ildə qeydiyyatdan keçib. Ötən illər ərzində qadınlarla bağlı müxtəlif layihələrin icra olunmasına dəstək göstərmişik. 2016-cı ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyilə “Fermer qadınların maarifləndirilməsi və innovativ texnologiyaların tətbiqi yolu ilə yerli istehsalın artırılmasına dəstək” layihəsini həyata keçirmişik. 2018-ci ildə isə şuranın dəstəyi ilə “Cəbhə bölgəsində yaşayan məcburi köçkün uşaq və yeniyetmələrin sosial inteqrasiyası məqsədilə yay məktəbinin təşkili” layihəsini uğurla icra etmişik.

Bu il Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə “Doğma yurdlarına dönməyə hazırlaşan qadınlara dəstək” adlı layihə təqdim etmişik. Layihəni Cəbrayılın məcburi köçkün qəsəbələrində, Ağdam, Göygöl, Goranboy rayonlarının ərazisində həyata keçirməyi planlaşdırmışıq.

Məqsədimiz Böyük Qayıdış proqramı ilə doğma yurdlarına dönmüş və doğma yurdlarına dönməyə hazırlaşan sakinlərin, əsasən də qadınların işlə təmin olunmalarına dəstək olmaqdır. İstəyimiz odur ki, mövcud sosial müdafiə mexanizmlərindən istifadə etməklə qadınlar fərdi təsərrüfatlara sahib olsunlar, onların dövlət yardımından asılılığı aradan qalxsın, öz zəhmətləri hesabına ailə gəlirlərini artırsınlar və sahibkarlığa çıxış imkanı qazansınlar. Bununla da ölkədə kiçik ailə biznesi genişlənsin. Bütün bu sadaladıqlarımıza nail olmaq üçün isə əsas yol qadınların bu məsələlərlə bağlı maarifləndirilməsindən keçir. Vəzifəmizin əsasını məhz bu maarifləndirilmə işlərinin düzgün aparılması təşkil edir.

Layihəni həyata keçirərkən düşünürük ki, öncə doğma yurdlarına dönməyə hazırlaşan qadınların özünüməşğulluğunun təmin olunmasına dəstək olmalı və qadınların hüquqi və iqtisadi sahədə maarifləndirilməsini təşkil etməliyik. Proqrama cəlb olunanlar arasında əlaqələrin gücləndirilməsı və müsbət nümunənin təşviq olunmasına çalışmalıyıq. Eyni zamanda, proqrama cəlb edilənlərin ehtiyaclarının müəyyənləşdirilməsi və tədqiqata uyğun satış və idarəetmə sahəsində bacarıqlarının artırılması üçün dəstək olmalıyıq. Layihəyə cəlb olunanların müasir texnologiyalardan istifadə etməklə tərəfdaş tapmaları və öz kiçk bizneslərini inkişaf etdirməklə özünüməşğulluqlarını təşkil etməliyik. Bundan başqa, doğma yurdlarına dönməyə hazırlaşan qadınlarla Azərbaycanın digər ərazilərində olan uğur qazanmış kiçik sahibkarlar arasında əlaqələrin gücləndirilməsinə, müsbət təcrübələrin təşviq olunmasına nail olmalıyıq.

Hazırladı:
Zərifə HÜSEYNOVA
XQ