Referans.az bildirir ki, bu barədə ətraflı açıqlamanı müstəqil jurnalist, sosioloq Elçin Bayramlı verib.
“Bu qrup valideynləri psixoloqlar aldadıb ki, uşaqları tənbeh etmək, cəzalandırmaq, danlamaq olmaz. Onlara tam azadlıq vermək lazımdır. İcazə verin, nə istəyirsə etsin. Onda hər şey yaxşı olacaq. Bu anarxik situasiya planıdır. Bunu nəticələrini biz ortada görürük. Belə yanaşmadan sonra, ortada çox qudurğan, eqoist, narsist, böyük-kiçik tanımayan uşaqların sayı kəskin artıb. Bu bir başa valideynlərin günahıdır.
Birinci uşaq üzərində cəzalandırmaq, tənbeh etmək kimi bir cəzalar qalmayıb. Guya 21-ci əsrdir, tam sərbəstlik olmalıdır. Yəni rəqəm dəyişən kimi bütün mənəvi dəyərlər məhv olmalıdır. Tam xaos yaranmalıdır. Yəni uşaq nə istəyir etməlidir. Guya, uşaq bundan dərs alıb, sonra düzələcək. Belə yanaşmalarla uşaqları məhv edirlər. Bu əsasən, valideynlərin günahıdır. İkinci bir tərəfdən uşaqların dövlət tərəfindən uşaq siyasətinin və proqramlarının olmaması, çox ciddi problem yaradır. Məsələn; bizim uşaqlığımızda sovet dövründə uşaqlar çox sayda pulsuz yaradıcılıq və idman kurslarına cəlb olunurdu. Vaxtlarını çox səmərəli keçirirdilər. Müxtəlif sahələrdə pulsuz dərnəklər var idi. İndi isə bunlar özəldir. İndi hər bir valideynə ən azı 500 manat lazımdır. Bu isə ölkədəki minimum maaşdan yuxarıdır. Və ölkə əhalisinin 80%-nin maddi imkanları daxilində deyil.
İndi uşaqlar boş vaxtlarında ancaq küçələrdə veyillənir, ya da əllərinə smartfon verib özbaşına buraxılıblar. İnternet isə çox psixoloji məkandır. Uşaqların baxdığı çizgi filmlər isə subliminal mesajlarla doludur. Eyni zamanda kompüter oyunlarında da nəzarət yoxdur. Uşaqların asudə vaxtları təşkil olunmadığından, onlar iki istiqamətdə yönəlirlər. Ya küçələrdə cinayətkar, kriminal ya da virtual dünyada psixologiyası pozulur. Bu problemdə həm sosial iqtisadi əsaslar var, həm də mənəvi psixoloji əsaslar var. Bunlar valideyn və məktəbin boynundadır. Məktəb isə artıq texniki təhsil verən bir məkana çevrilib. Burda uşaqlar sərbəst şəkildə hər cür biyabırçılıqlar törədə bilirlər.
Getdikcə vəziyyət daha da pisləşir. Valideynlər müasirlik deyə-deyə uşaqlarına nəzarət etmirlər. Dövlətdə bu tərəfdən uşaqların asudə vaxtları üçün müəyyən pulsuz dərnəklər təşkil etmir. Ümumilikdə bütün bunlar təbii ki, gördüyümüz vəziyyətin yaranmasına səbəb olur. Gördüyümüz deyəndə, biraz tərəddüd edirəm, çünki biz real vəziyyətin 1%-də görmürük. Biz ancaq çəkilib, ictimailəşən halları görürük. Əgər sağlam cəmiyyətin formalaşmasını istəyiriksə, kompleks şəklində uşaqlarla bağlı dövlət proqramları yaradılmalıdır. İkinci tərəfdən isə valideynlər özlərinə gəlməlidir. Bizim min illik ailə dəyər sistemimizə tüpürülərək, naməlum yad ideyalogiyaların təzyiqi altında tamamilə öz başına sərbəst buraxılmış uşaqlar məsələsini həll etməliyik”.