“Elektrikli maşınlarla bağlı deyilənlərin çoxu özünü doğrultmur. Onların mühərrikləri ilə bağlı elə də problem yoxdur. Əksinə, daxili yanma mühərrikləri daha təhlükəlidir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.
O, son dövrlər paytaxt küçələrində tez-tez rast gəlinən elektrikli avtomobillərdən söz açıb.
Xatırladaq ki, elektriklə işləyən nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsində gömrük rüsumu olmadığı üçün onlara tələbat daha çoxdur. Üstəlik, sözügedən avtomobillərin rentabelliyi digərləri ilə müqayisədə daha yüksəkdir.
Öz növbəsində, Ə. Hüseynov əlavə edib:
“Deyirlər ki, elektrikli avtomobillər tez-tez yanır. Ola qalsa, daxili yanma mühərriki ilə işləyən avtomobillər onlardan daha tez yanır. Daha sonra isə bu maşınlar ətraf mühiti daha çox çirkləndirir. Yol-hərəkət təhlükəsizliyində daxili yanma mühərrikli avtomobillər daha köhnə olduqlarına görə onlar nisbətən daha təhlükəli sayıla bilər. Çünki elektrikli avtomobillər ən yeni təhlükəsizlik texnologiyaları ilə təmin olunub”.
Mütəxəssis diqqətə çatdırıb ki, bu avtomobillərdə yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün sürücünün diqqəti artıran çoxlu sistemlər var:
“Ona görə də elektrik mühərrikli avtomobillər yol hərəkəti təhlükəsizliyi baxımından birmənalı olaraq daha təhlükəsiz və etibarlıdır.
Ümumi təhlükəsizlik baxımından da bunu demək olar. Hansısa xırda texniki problem olsa belə, – məsələn, batareyasının alışması, yaxud onun utilizasiyası problemləri var ki, bir müddət sonra avtokonsernlər bunu da həll edəcəklər və burada ciddi bir problem olmayacaq.
Ona görə də təhlükəsizlik məsələsində elektrikli avtomobilləri daxili yanma mühərrikli maşınlarla müqayisə edəndə görürük ki, birmənalı olaraq elektrikli mühərriklərdə təhlükəsizlik və etibarlılıq daha çoxdur.
Gömrük məsələsinə gəldikdə isə əslində, bu, aktual deyil. Elektrikli avtomobillərə rüsum qoyulması məsələsi hökumətin işidir və qoyulanda bunu hökumət müəyyən edəcək. Ona görə də bəri başdan proqnoz və ya kiməsə ideya vermək düzgün olmaz”.