“TƏBRİZİN SƏSİ” KONSERTİNİN İŞTİRAKÇILARI TƏLTİF OLUNUBLAR

4 Dekabr 2023-cü ildə, Heydər Əliyev Sarayında cənublu aşıq Çingiz Mehdipurun rəhbərlik etdiyi “Dalğa” qrupu “Təbrizin səsi” adlı konsert keçirib.
Konsertdə tamaşaçılarla yanaşı, Milli Məclisin üzvləri, elm adamları, şairlər və yazıçılar iştirak ediblər. Akademik Nizami Cəfərov, professor Misir Mərdanov, deputat Sabir Rüstəmxanlı çıxış edərək aşıq musiqisinin fəlsəfəsindən söz açıblar.
Konsert proqramında güneyli-quzeyli sənətçilər bir araya gələrək aşıq musiqisini sevənlərə əsl bayram ovqatı yaşadıblar.
Konsertdə iştirak edən “Dədə Ələsgər Ocağı İctimai Birliyi, konsertin bütün iştirakçılarını Azərbaycan Aşıq Poeziyasının inkişafında göstərdikləri xidmətlərinə görə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin “Fəxri Diplom”u ilə təltif edib və konsertin təşkilatçısı, ilk dəfə aşıq musiqisini, saz havalarını nota köçürən aşıq Çingiz Mehdipuru birliyin ən ali mükafatı olan “Aşıq Ələsgər 200” yubiley medalı ilə təltif edib. Təltifləri “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, birliyinin idarə heyətinin üzvü Rəşid Süleymanov, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov və filologiya elmləri doktoru, akademik Nizami Cəfərov təqdim edib.