Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır

 

Ölkə başçısı, cənab Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcəkdir.
Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.
Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Müasir Ağdam rayonu 1930-cu ildə yaradılıb. 1990-cı illərdə Dağlıq Qarabağ hadisələri başlayandan Ağdam burada cərəyan edən hadisələrin episentri olmuşdur. Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın yeni bir ərazisini – Dağlıq Qarabağı işğal etmək məqsədi ilə 1988-ci ilin fevralından başladığı müharibəyə ilk olaraq, məhz Ağdam rayonundan başlamışdır. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bəzi havadarlarına arxalanaraq, Dağlıq Qarabağın ətraf rayonlarına da hücum edmişdir. Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitmişdir. İşğal nəticəsində rayon ərazisinin 1094 kvadrat kilometrindən 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. İşğal nəticəsində rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmışdır. Ağdam ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Ağdam Azərbaycan elminə və mədəniyyətinə Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli şəxsiyyətlər bəxş etmişdir.
Ümumiyyətlə, Ağdamın qədim tarixi abidələri rayonun minillik keşməkeşli illərdən keçərək, bu günə qədər gəlib çatdığını təsdiq edir. Rayonun ərazisində 50-ci illərdən başlayaraq, aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olub ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir.
Tanınmış arxeoloqların apardığı arxeoloji tədqiqatlar zamanı aydın olub ki, ilk qədim insanlar rayon ərazisində 6-8 min il bundan əvvəl, yəni, Eneolit dövründə yaşayıb, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olublar. Arxeoloqlar apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri olub.
Lakin 1993-cü il iyul ayının 23-də Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından sonra Azərbaycanın işğal altında olan digər rayonlarında olduğu kimi, Ağdamda da ermənilər tarixi mədəni abidələri dağıdıb, əsl vəhşilik nümayiş etdiriblər. Ermənilər Ağdam rayonunda olan muzeylərdəki eksponatları da talayıblar. Belə muzeylərdən Ağdamdakı Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyinin adlarını çəkmək olar. Bir sözlə, rayondakı tarixi, mədəni, dini abidələri erməni işğalçıları tərəfindən məhv edilmişdir.
Qeyd etmək lazımdır ki, Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti də yekdil mövqe ifadə etmişdir. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu qətiyyətlə pislənmiş, işğal olunmuş ərazilərdən qoşunların çıxarılması haqqında çağırış etmişdir. Eyni zamanda, 29 iyul 1993-cü il tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etmişdir. Orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər yenicə işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilmişdir. Lakin, Ermənistan tərəfi buna da tabe olmaqdan yayınmışdır. İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini də kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllərini davam etdirmişdir.
Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri, şücaətli əsgərlərimiz 44 günlük Vətən müharibəsi ərzində düşməni məhv edərək torpaqlarımızı azad etdilər. Bundan sonra imzalanan üçtərəfli Bəyanatla Ermənistan işğal etdiyi Ağdam, noyabrın 20-də Azərbaycana təhvil verildi.
Heç bir qan tökmədən, şəhid vermədən düşməndən torpaq alındı. Bu, Prezidentimiz cənab İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş möhtəşəm bir uğurdur.
2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5770 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olundu.
Ötən ilin noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində səfər etmişdirlər. Səfər zamanı dövlətimizin başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır. Bu görüntüləri hər bir azərbaycanlı fəxrlə və böyük sevinclə izləyir.
Əminliklə bildirmək istəyirəm ki, Prezident cənab İlham Əliyevin rəhbərliyilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik. Burada yenidən həyat canlanacaq, bütün rayonlarımız o cümlədən Ağdamda bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarında yaşayıb, yaradacaqlar.

İlham Rəhimli, professor, Prezident təqaüdçüsü