Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
Xalqxeber.azYeniavaz.com-a istinadla xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Qeyd edək ki, ötən il açıqlanan rəsmi məlumatda Emin Əmrullayevin adından 150 mindən çox müəllimin telefonuna təbrik mesajının göndərildiyi bildirilib.
Bu il Emin Əmrullayevin adından müəllimlərin telefonuna təbrik mesajının göndərilib-göndərilməməsi bağlı rəsmi məlumat açıqlanmayıb.
Lakin, yayılan məlumatlardan məlum olur ki, ötən il olduğu kimi bu il də Emin Əmrullayevin adından müəllimlərin telefonuna təbrik mesajı göndərilib.
Məlumat üçün bildirək ki, müəllimlərin telefonuna göndərilən kütləvi SMS xidmətini Elm və Təhsil Nazirliyinə “Softline Azərbaycan” MMC (VÖEN – 1401404781) göstərir.
Bu ilin avqust ayında Elm və Təhsil Nazirliyi tender müsabiqəsi keçirib və “Softline Azərbaycan” MMC-yə 500 min SMS xidməti üçün 15 min 918 manat 20 qəpik ödəyib.
Rəqəmlərdən də göründüyü kimi, Elm və Təhsil Nazirliyi 1 SMS-in göndərilməsi üçün “Softline Azərbaycan” MMC-yə 3,2 qəpik ödəyib.
Müqayisə üçün bildirək ki, Elm və Təhsil Nazirliyinin ötən il “Softline Azərbaycan” MMC-yə 1 SMS üçün ödədiyi məbləğin orta qiyməti 1 qəpik olub.
Məlumat üçün onu da bildirək ki, Elm və Təhsil Nazirliyinə SMS xidməti göstərən “Softline Azərbaycan” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkət Rusiyanın məşhur “Softline” şirkətinin Azərbaycandakı nümayəndəliyi kimi fəaliyyət göstərir. Şirkət 1993-cü ildə Moskvada təsis olunub. Hazırda dünyanın onlarla ölkəsində fəaliyyət göstərən şirkətin təsisçisi İqor Borovikovdur. İqor Borovikov Rusiyaya tətbiq edilən sanksiyalardan yayınmaq üçün şirkətin təsisçiliyindən rəsmi şəkildə imtina edib. Lakin, qeyri-rəsmi şəkildə şirkətə nəzarəti İqor Borovikov həyata keçirdiyi bildirilir. “Softline” Rusiyanın ən böyük İT (İnformasiya Texnologiyaları) şirkəti hesab olunur.