Azərbaycanın daxili işlər naziri anasının qatilini niyə bağışladı? – GİZLİ TARIX

1978-ci il iyunun 30-da Azərbaycanda törədilən bu hadisə bütün SSRİ-ni silkələmişdi. Azərbaycan SSR Ali Sovetinin deputatı, respublika daxili işlər naziri general-leytenant Arif Heydərovun xidməti kabinetində güllələnməsi sülhün və əmin-amanlığın carcısı missiyası ilə çıxış edən, eyni zamanda Qərb dövlətlərilə “soyuq müharibə” aparan Sovet İttifaqına başucalığı gətirə bilməzdi. Arif Heydərovla birgə kabinetdə olan müavini, general Səlahəddin Kazımov və köməkçisi – podpolkovnik Əziz Səfixanov da qətlə yetirilmişdi.  Bu nə terror idi, nə də dövlət çevrilişinə cəhd. Şuşa həbsxanasının zabiti Ziya Muradovun törətdiyi bu hadisə ilə bağlı təfərrüatlar sonralar açıqlansa da, sözügedən olay zaman-zaman xırdalanıb və hər dəfə fərqli prizmalardan izah olunub.

Modern.az saytının məlumatına görə, Azərbaycanın daxili işlər naziri Arif Heydərovun qətlə yetirilməsi hadisəsi keçmiş DTK sədri Vaqif Hüseynovun yazdığı “Bir ömürdən də çox” kitabında da təsvir olunub.

V.Hüseynovun həmin hadisəylə bağlı memuarını oxucuların ixtiyarına veririk.

“– Arif Heydərov öldürülüb! – sakitcə deyir Semyon Kuzmiç Sviqun, Yuri Andropovun müavinlərindən biri, Heydər Əliyevin köhnə dostu, onun sayəsində mən, Moskvanın hakimiyyət dəhlizlərində yenicə peyda olmuş adam himayə olunuram”.

O, 30 iyul 1978-ci il tarixdə, günün ikinci yarısı, Azərbaycan SSR daxili işlər nazirinin kabinetində baş vermiş qəsdin heç bir izah verməyən təfsilatını danışmağa başlayır. Fövqəladə hadisənin hər bir faktı, hər bir detalı qəfil atəş kimi səslənir.

Atəş açan şəxs Şuşa həbsxanasının milis kapitanı Ziya Muradovdur. Kabinetə keçməzdən əvvəl DİN veteranı, nazir köməkçisi, polkovnik Səfixanovu qətlə yetirib. Müavinləri və respublikanın Ali Məhkəmə sədri ilə işgüzar müşavirə keçirən A.Heydərov kapitanın ikinci qurbanı olub.
General T.Qurbanov, Böyük Vətən müharibəsi veteranı, Sovet İttifaqı qəhrəmanı ölümcül yaralanıb.

Şelokov (SSRİ DİN rəhbəri – red.) və Çurbanov (onun müavini, Brejnevin kürəkəni – red.), təcrübəli hüquqşünaslar, kriminalistlər əməliyat işçilərindən ibarət təhqiqat briqadası təcili qaydada Bakıya gəliblər. Baş katibə baş vermiş hadisə ilə bağlı məlumat verilib. Muradov, ola bilsin ki, psixopatdır. Lakin siyasi kontekst kontekst açıq-aşkar görünür: respublika Leonid İliçin səfərinə hazırlaşır. Görəsən, hadisənin bununla bir bağlığı varmı?

…Xarici radiostansiyalar sanki partlayıblar, yalnız Bakıda öldürülmüş iki polis generalından danışırlar, həm də öldürülənlərdən biri müharibə iştirakçısıdır, Sovet İttifaqı qəhrəmanı. DİN binasında sui-qəsd. Siyasəti qatıb-qarışdırılar… Şəhərdə ancaq Muradovun açdığı atəşlərdən danışırlar. Demə, o, əsgəri xidmətdə yaxşı nişançı kimi fərqlənibmiş. Hamı xarici radiostansiyaların dalğalarını tutur. Amma orda da başqa heç nə bilmirlər.

Təhqiqat materialları Moskvadan gəlmiş missiya ilə birgə rahatca çıxıb gedib. Sov.İKP MK Katibliyində Əliyev, Şelokov və Çurbanovun məlumatları dinlənilib. Heç bir siyasət-filan  yoxdur, bədbəxt kapitanın xidməti və məişət qayğılarında başını itirərək əsəb partlayışı. Tofiq Kazımov adamlara qarşı bir qayğıkeş, diqqətcil olsaydı, qalmaqal da baş verməzdi..

Amma əsas məsələ qalmaqalda deyil, bu, həyəcan siqnalıdır.

Ziya Muradov Şuşa türməsinin klubunda məskunlaşmışdı, işləri getmirdi, arvadı axırda valideynlərinin yanına qayıdıb, çünki soyuq, rahatlığı olmayan məkanda kiçik uşaqla qalmaq qeyri-mümkün idi. Kapitan rəhbərliyə onu başqa işə, bəlkə də yüksək dağ yamacından aşağıda bir yerə keçirməklə bağlı şikayət və yalvarışlı xahişlərlə dolu raportlar göndərib. Məktublar nazirliyin kabinetlərində it-bata düşüb. T.Kazımov, nazir müavini də bədbəxti qəbul etməkdən imtina edirmiş.

O taleyüklü gün Z.Muradov milis idarəsindəki biganəliklə haqq-hesab çəkməyə getmişdi, orda onu tanıyırdılar, sanki narahatlıq keçirirdilər (elə Səfixanov da Muradovu nazir kabinetinin qapısında saxlayaraq kapitanın şikayət ərizəsini şəxsən Heydərovun masasına qoyacağına, dərdinə əncam çəkəcəyinə söz verib). Amma kapitan laqeyd və kobud nazir müavini ilə haqq-hesab çəkməyi qərara alıb və ölümü bahasına…

Ən heyrətamiz odur ki, o, mövcud qaydanı pozaraq tabel silahını mühafizəçilərə təhvil verməyib… Hamı nazirlikdə “dərin təmizləmə”, qətiyyətli, silkələnmə, yeniləşmə gözləyirdi. Amma respublika rəhbərliyi kadr dəyişikliyi ilə kifayətləndi. Öldürülmüş A.Heydərovun yerinə partiyanın inzibati şöbəsinin müdiri işləyən Cəfər Vəliyevi yolladılar, digər şəxsləri də dəyişdilər. C.Vəliyev, sözsüz ki, yaxşı aparat işçisi, təcrübəli hüquqşünas idi. Amma nə islahatçı, nə də inqilabçıydı. Onun yerinə S.Hüseynov – DİN-də kadr məsələləri üzrə nazir müavininin təyin edilməsi də yenilənmənin təcəssümü deyildi. Bununla da hər şey unuduldu. Yalnız yaddaşımda həlak olmuş nazir haqda DİN-in siyasi şöbəsinin əməkdaşı, bir vaxtlar parlaq ştanqçı olmuş Valeri Tatarintsevin (hazırda Rusiyadakı Azərbaycan diasporunun fəal üzvü – red.) danışdığı süjet qalıb.

Çox az adam bilir ki, Arif Heydərovun anası avtomobil qəzasında ölüb. Taksi sürücüsü böyük sürətlə idarə etdiyi maşınla yaşlı qadını vurub. Təqsirkar sürücüdür, – ekspertlər birmənalı belə qərar çıxardı və nazirə məlumat verdilər.

– Uşaqları varmı? – nazir soruşdu.

– Üç uşağı var. Kiçik qızı 1 yaşdadır.

Nazir susqun halda bir müddət fikirləşdi, sonra düşüncəli halda dedi:

– Anamı artıq qaytarmaq mümkün deyil. Uşaqları niyə cəzalandıraq, atasız qoyaq?

Bu – mühüm addımdır. Mənəvi. Belə bir adamla oxucu qarşılaşıbmı?

Leonid İliç isə Bakıya axır ki, gəldi. Hərçənd deyirdilər ki, Bakıdakı qanlı hadisədən sonra səfər mütləq təxirə salınacaq.

Modern.az