Akif Ağatalıbov öz hesabına Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görüb
Azərbaycan diasporunun inkişafında yaşlı diaspor üzvlərinin xidmətləri az deyil. Bir çox ölkələrdə ağsaqqal diaspor üzvləri zamanında öz sözlərini deyiblər və milli diasporun formalaşdırılmasında addımlar atıblar. Özbəkistanda Azərbaycan diasporunun formalaşdırılmasında aparıcı rol oynayan veteran diaspor Akif Ağatalıbov da belə soydaşlarımızdan biridir. Hazırda Azərbaycanda olan Akif Ağatalıbov yenə də Özbəkistanda diasporun fəaliyyətinə maddi və mənəvi dəstəyini göstərir. İyulun 18-də Akif Ağatalıbovun 66 yaşı tamam olur.
Qeyd edək ki, Ağatalıbov Akif Ənvər oğlu 1957-ci ildə Bakı şəhərində andan olub. Ailədə 7 uşaq olublar. O, Bakının Nərimanov rayonundakı 39 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbdən ictimai fəallığı olub. 1975-77-ci illərdə Rusiyanın Lıtkarin şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakıda müxtəlif sahələrdə çalışıb. 1980-cı ildə isə Özbəkistana üz tutub. Özbəkistanda ayaqda qalmaq üçün həmyerlilərimizlə bir çox sahələrdə çalışıb. Eyni zamanda Daşkənddə Aleksandr Ostrovski adına Teatr və İncəsənət İnstitutunda təhsil alıb. Özbəkistanın Fərrux Zakirov, Yadigar Sardiyev, Nəsibə Abdullayeva, Şirəli Corayev və s. məşhur incəsənət nümayəndələri ilə yaxın dost olub.
Akif Ağatalıbov 2002-ci ildə Özbəkistanda Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasını (AMMA) yaradıb. Az bir zamanda Özbəkistanın 15-ə yaxın şəhərində Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının bölməsi fəaliyyətə başlayıb. 30 ildən artıq Özbəkistanda yaşamış Akif Ağatalıbov AMMA-nın 10 il sədri olub. Onun fəaliyyəti nəticəsində adı çəkilən qurum ötən illər ərzində istər Özbəkistan, istərsə də digər Orta Asiya respublikalarında Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirib, ölkəmizin həqiqətləri Orta Asiya respublikalarına çatdırılıb. Akif Ağatalıbov öz hesabına Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görüb. Hazırda təşkilatın fəxri sədri olan Akif Ağatalıbov “Özbəkistan Respublikasının müstəqilliyinin 15-ci ildönümü” ilə əlaqədar yubiley medalı, 2011-ci il iyulun 4-də isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, həmçinin Orta Asiya Azərbaycanlıları Konqresinin baş koordinatoru olub.
Akif Ağatalıbovu 66 yaşı tamam olması münasibəti ilə təbrik edir, ona uzun ömür, cansağlığı və işlərində müvəffəqiyyətlər arzu edirik!