Erməni təxribatı ara vermir: İrəvanı Bakıya qarşı kimlər silahlandırır?

Müasir dünya nizamına əsasən müəyyən güc mərkəzləri Ermənistanı silahlandırmaqla regioda sülh və sabitliyin bərqərar olunmasına əngəl yaratmağa çalışırlar. 

Qeyd edək ki, son zamanlar Azərbaycan-Ermənistan sərhədində hərbi-siyasi vəziyyətin gərginləşməsi müşahidə edilir.

Artıq xeyli vaxtdır ki, Ermənistan silahlı qüvvələrinin bölmələri sərhədin Kəlbəcər, Gədəbəy və Tovuz istiqamətlərində yerləşən Azərbaycan Ordusunun bölmələrini fasiləsiz olaraq atəşə tutublar.

Müdafiə Nazirliyinin məlumatına görə, dünən axşam saat 22:50-dən bu gün səhər 04:40-dək Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələrində mövqeləri yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Maraqlıdır, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilən Ermənistan ordusu bu qədər silah-sursatı haradan əldə edir? Hansı güc mərkəzləri Ermənistanın silahlandırılmasında maraqlıdır?

Kimlər Ermənistanı təxribata sövq edir?

Bu məsələdə diqqət daha çox Rusiya, İran və Fransanın üzərinə düşür. Düzdür, aprel-may aylarında sosial şəbəkələrdə yayılan məlumatlara görə, Ermənistan Hindistandan müəyyən silahların tədarükü üçün bu ölkənin silah istehsal edən şirkətləri ilə müqavilə imzalayıb.

Lakin Hindistanın Azərbaycanla diplomatik və iqtisadi münasibətlərinin olduğunu nəzərə alsaq, Dehlinin Ermənistanı ölkəmizə qarşı təxribatlara təhrik etməsi inandırıcı görünmür.

Nəzərə alaq ki, İran və Fransanın hərbi rəhbərliyi də yerli mətbuata açıqlamasında Ermənistana silah satmaqla bağlı planlarının olduğunu bəyan etmişdilər. Onsuzda bu iki ölkənin istər işğal, istərsə də işğaldan sonrakı dövrdə Ermənistana açıq şəkildə dəstək verdiyi hər kəsə məlumdur.

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Rusiya, Fransa və İran Ermənistanı yalnız ənənəvi silahlarla təmin edə bilər:

“Rusiya, Fransa və İran, eləcə də müəyyən dövlətlər Ermənistanı silahlandırmaqda maraqlı ola bilərlər. Lakin bu məsələdə önəmli məqam ondan ibarətdir ki, Ermənistan atəşkəsi pozarkən hansı silah növlərindən istifadə edirlər.

Ermənistan hərbçiləri atəşkəsi pozarkən hansı PUA növlərindən, hansı raket sistemlərindən, hansı artilleriya qurğularından istifadəsinə üstünlük verirlər? Əgər Ermənistan ənənəvi silah növündən istifadə edirsə, həmin silahları əldə etmək o qədər çətin deyil. Həm Rusiya, həm də Fransa həmin ənənəvi silahları başqa ölkələrdən alıb Ermənistana ötürə bilərlər.

Amma söhbət müasir silahlardan gedirsə, Ermənistanın bu silahlar tədarük etməsi qeyri-mümkündür. Nə Fransa, nə də Rusiya müasir silahları Ermənistana satmazlar, çünki bu silahlar bahalıdır, həm də hər iki ölkənin bu silahlara ehtiyacı var. 

NATO-ya üzv olan ölkələrin Rusiyanın rəhbərlik etdiyi KTMT-nin üzvü Ermənistana müasir silah-sursat satması heç təsəvvür edilə bilməz. Ermənistan ən azı ucuz silahlarla təmin edilə bilər”. 

Politoloq müəyyən siyasi güc mərkəzlərinin regionda sülh və sabitliyin bərqərar olunmaması üçün Ermənistanı təxribatlara çəkmələrini mümkün hesab edib:

“Ermənistanın özündə vahid siyasi sistem mövcud deyil. Məhz buna görə Ermənistanda maraqları olan siyasi güc mərkəzlərinin hədəfləri arasında ziddiyyətlər müşahidə olunur. 

Qeyd edim ki, Ermənistanda Paşinyan hakimiyyəti Qərbə yaxınlığı ilə bilinir. Paşinyan ABŞ və Avropa İttifaqının təlimatları əsasında Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində addımlar atır.

Amma Rusiyanın təsir dairəsində olan Ermənistanın hərbi elitası və Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi revanşist müxalifət məqsədyönlü şəkildə Bakı və İrəvan arasında sülh prosesinin nizamlanmasına hər vəchlə maneçilik yaradırlar. Rusiya həqiqətən Cənubi Qafqazda sülh istiqamətində yeni dövrün başlanmasını özünün geosiyasi maraqlarına zidd hesab edir. İran da Rusiya eyni fikirləri bölüşür”.