“Xankəndi Azərbaycana tabe ediləcək” – MÜNASİBƏT

“Artıq işğaldan azad edilən yaşayış məskənlərimizə Böyük qayıdış prosesi başlanılıb. Cənab Prezident İlham Əliyev Laçın şəhərinə geri dönən keçmiş məcburu köçkünlərlə görüşdə çıxış edərkən bir daha Xankəndidəki separatistlərə xəbərdarlığını qəti şəkildə bəyan etdi”. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsinin qalibiyyətinin arxasınca Cənab Prezidentin apardığı xarici siyasətdə çox böyük qələbələr əldə edilib və edilməkdədir: “Beynəlxalq ictimaiyyət artıq münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını qəbul edib. Ermənistanın hər iki cəbhədə məğlub duruma düşən rəhbəri Nikol Paşinyan da Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan edib. Xankəndi separatistlərinin hesab edirəm ki, Cənab Prezidentin xəbərdarlığına diqqətlə yanaşıb tabe olmaqlarından başqa bir yolları qalmır. Bu, onların münaqişə boyu atacaqları ən ağıllı addım ola bilər. Əks-təqdirdə inamla demək olar ki, Xankəndi bütün vasitələrdən istifadə edilməklə Azərbaycana tabe ediləcək. Bunun qarşısını almağa bu gün bizə heç kim mane ola bilməyəcəkdir. Qardaş Türkiyədə Ərdoğanın inamlı qələbəsi gücümüzü daha da artırıb. Dünən Kişinyovda baş tutan beştərəfli görüşün də nəticəsi tam olaraq Azərbaycanın xeyrinə nəticələnib desək yanılmarıq. Görüşdən Paşinyanın 1975-ci ilin xəritəsinə uyğun olaraq sərhədlərin tənzimlənməsinə razılaşması isə Qaragöl, Qazax rayonun yeddi kəndinin və Kərkinin də geri qaytarılması deməkdir. Bir sözlə, Xankəndidə bu gün yaşayan Azərbaycan əsilli erməni əhalisinin Cənab Prezidentin xəbərdarlığından nəticə çıxaracağına inanıram. Belə etsələr, bu, ilk növbədə, onların təminatlı və təhlükəsiz gələcəkləri deməkdir. Əksini isə onlar özləri 44 günlük müharibənin nəticəsi olaraq yaxşı bilirlər”.