“Deputat Musa Quliyevin müəllimlərin 70 yaşına qədər əmək fəaliyyətində olması ilə bağlı səsləndirdiyi fikirlərə cavab vermək üçün gərək vətəndaş adlandırdığımız adamın əməyini 2 yerə bölək: yəni fiziki və intellektual əmək”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış təhsil eksperti, professor Şahlar Əsgərov deyib. O, millət vəkilinin məlum açıqlamasını şərh edib.
Ş. Əsgərov söyləyib ki, bu əməklər bir-birindən hədsiz dərəcədə fərqlidir:
“Yəni fiziki əməyin qanunvericilik bazası bir cür, intellektual əməyin qanunvericilik bazası isə başqa cür olmalıdır. Əgər bu cür olsa, hər şey düz gələcək.
Fiziki əmək belədir ki, insan cavan olanda fiziki əməklə işləyir, kubik qaldırır, endirir və s. Amma yaş 50-60 olanda artıq 32 kiloqramlıq kubiki qaldıra bilmirsən. Lakin əqli əməkdə olan müəllim, alim və yazıçı 60 yaşında biliyinin zirvəsinə çatır və daha güclü işlər görməklə böyük əmək və dəyər yarada bilər.
Biz bu iki əmək növünə bir yerdə baxanda gülməli vəziyyət alınır. Belə ola bilməz, ona görə də burada fərqlilik, eləcə elmi baxış olmalıdır. Axı XXI əsrdə yaşayırıq? Buna görə də müəllim, alim və yazıçıya yaş həddi qoymaq lazım deyil. Əksinə, bunlar yaşa dolduqca, ağıllanır, kamilləşir və müdrikləşirlər. Bu insanlar cəmiyyətdə daha çox dəyər yarada bilər, nəinki 30 yaşındakı uşaq”.
O, xatırladıb ki, bu gün dünyada 90-95 yaşına universitet müəllimləri var:
“ABŞ-a təqaüdə göndərilən Çin professorlarını çinlilər öz universitetlərində müəllim kimi istifadə edirlər ki, bu adamlar ağılın ən yaxşı zirvəsindədirlər və biz bundan istifadə etməliyik. Ona görə də Musa müəllimi tənqid etmək lazım deyil, əksinə, onu başa düşmək lazımdır. Kütlənin ağlı ilə bu məsələ ölçülüb-biçilə bilməz. Bu sahənin bilicilərinin fikirləri əsas götürülməlidir”.
Onun fikrincə, bu tendensiyanı orta və ali məktəbə bölmək səhvdir:
“Hə, ola bilər ki, bu adam zavodda işləyirsə, 65 yaşında pensiyaya çıxa bilər. Amma bu gün danışdığımız insanlar müəllimlərdir. Məsələn, götürək, riyaziyyat müəllimini. 60 yaşındakı riyaziyyat müəllimi ilə 70 yaşındakı riyaziyyat müəllimi eyni ola bilər? Əsla! 70 yaşındakı ondan daha müdrikdir. Nəinki 60 yaşlı müəllim. 70 yaşlı müəllim cəmiyyət üçün daha çox dəyər yarada bilər, nəinki o. Hər yerdə gənclərin olması söyləmək “sui-qəsd nəzəriyyəsi”dir. Əksinə, burada müdriklik lazımdır”.
“İkinci Dünya Müharibəsindən sonra 1945-1953-cü illər ərzindəki İosif Stalin dövründə dövlət 20 il qüsursuz işləyən müəllimi rayon rəhbərliyinin və SSRİ Təhsil Nazirliyinin zəmanətini almadan mükafatlandırırdı və “Qırmızı Əmək Bayrağı” ordeni verirdi. 25 il qüsursuz işləyən müəllimə isə “Lenin ordeni” verirdilər. 30 il qüsursuz işləyən müəllimə isə hərbidə polkovnik zabitinin hüququ verilirdi ki, bu adam da istədiyi vaxt təqaüdə gedə bilərdi. Əgər yazsa ki, işləmək istəyirəm, ona heç kim mane olmurdu”, – müsahibimiz əlavə edib.
Mütəxəssisə görə, işləmək dəyər yaratmaqdır:
“Dəyər yaradan adam isə millətin gözünün işığıdır. Belə adamları millət qucaqlamalıdır. Bu adamların dəyər yaratdığı yerdə isə sən gəlib gənc kadrdan danışırsan. Mən bir dəfə də bu məsələyə toxunmuşdum və 99 yaşlı Eldar Ömərovu misal çəkmişdim. Demişdim ki, Eldarın əlindən çəkicini al və onu 30 yaşlı bir cavan oğlana ver. De ki, bu qranitdən bir heykəl yarat, edə bilməyəcək axı? Dəyər yarada bilməyəcək! Bax, məsələ də budur”.