“Çoxlu sayda ölkə Kiyevə döyüş təyyarələri göndərəcək”

“Ukraynanın müttəfiqləri olan çoxlu sayda ölkə öz döyüş təyyarələrini Kiyevə göndərməyə hazırdır”.

Dunyaxeber.orgTASS-a istinadla bildirir ki, bu barədə cümə axşamı Ukrayna prezidenti Volodimir Zelenski deyib.

“Bu gün mən güclü dəstək hiss etdim, çoxlu sayda silah və ən əsası çoxlu sayda qırıcı təyyarələr göndəriləcək. Əminəm ki, biz ABŞ-ın rəhbərliyi altında yaxın gələcəkdə birləşərək bu koalisiyanı quracağıq”.,- deyə o, Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Kiyev üçün ABŞ-ın döyüş təyyarələrinin təmin edilməsində böyük rol oynaması vacibdir, çünki F-16-lar Amerika qırıcılarıdır.

Pentaqon rəhbəri Lloyd Austin daha əvvəl bildirib ki, Danimarka və Hollandiya ukraynalı pilotlara F-16 qırıcılarından istifadə etməyi öyrətmək üçün Avropa koalisiyasına rəhbərlik edəcək.

Mayın 21-də ABŞ prezidenti Co Bayden Xirosimada keçirilən G-7 sammitindən sonra keçirilən mətbuat konfransında Qərbin F-16 da daxil olmaqla dördüncü nəsil döyüş təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlimlərə başlayacağını bəyan edib.

Eyni zamanda, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Jake Sullivan bildirib ki, Vaşinqton yaxın aylarda həmfikirləri ilə hansı dövlətlərin F-16 təyyarələrini Kiyevə təhvil verəcəyini müzakirə edəcək.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ABŞ-ın müttəfiqlərinin F-16-ları Kiyevə təhvil vermək niyyətlərini şərh edərkən vurğulayıb ki, Qərb ölkələri Ukrayna münaqişəsində eskalasiya yolu ilə getməkdə davam edirlər və Moskva bunu öz planlarında nəzərə alacaq.     /press.az/