“Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” adlı tədbir keçirilib

Nərimanov rayon MKS-nin Mərkəzi Kitabxanasında milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105 illiyi ilə əlaqədar olaraq “Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” adlı tədbir keçirilib.

Tədbirdə AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, vətənpərvər şair Dilqəm Təmraz, 45 saylı tam orta məktəbin və 200 saylı məktəb-lisey kompleksinin şagirdləri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Nərimanov rayon MKS-nin əməkdaşı Təranə Məmmədova tariximizin ən şanlı və parlaq səhifələrindən olan 28 May – Müstəqillik Günü haqqında ətraflı məlumat verib. O bildirib ki, Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə Azərbaycan dövlətçiliyi tarixində dərin iz qoyub. 1918-ci il mayın 28də Azərbaycan müstəqilliyini elan edib. Beləliklə, Azərbaycan Türk dünyasında və müsəlman Şərqində ilk Xalq Cümhuriyyətini quraraq adını tarixə yazdırdı. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu, həm də o deməkdir ki, Şərqdə demokratiyanın əsası Azərbaycan xalqı tərəfindən qoyulmuşdur.

Daha sonra çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan dövlətçilik tarixində yeri” mövzusunda ətraflı məruzə edib.

Tədbir zamanı müstəqil respublikanın yaranmasında xüsusi xidmətləri olmuş dahi şəxsiyyətlərimiz haqqında videoçarx nümayiş etdirilib, 45 saylı tam orta məktəbin və 200 saylı məktəb-lisey kompleksinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonda vətənpərvər şair Dilqəm Təmraz “Azərbaycan” şeirini səsləndirib və qeyd edib ki, müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədidir!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.