Valideynlər təşvişdə: Balı az olan şagirdlər məktəbdən çıxarılır?

Azərbaycanda IX sinif şagirdlərinin buraxılış imtahanları başa çatıb.

Ölkə ərazisində mərhələ-mərhələ keçirilən buraxılış imtahanlarında həmişə olduğu kimi, yüksək nəticə göstərən şagirdlərlə yanaşı, nəticəsi aşağı olan şagirdlər də var.

Buraxılış imatahanı zamanı IX sinif şagirdləri 3 əsas fəndən imtahan verərək 9 təhsil ilində mənimsədikləri bilik və bacarıqları sınayırlar.

İmtahan nəticələri IX sinif şagirdlərinin sinifdən sinfə keçirilməsinə təsir etməsə də, valideynlər və müəllimlər həmişə şagirdlərdən yüksək nəticə gözləyiblər.

Mövcud qaydalara əsasən, bir neçə fəndən illik “qeyri-kafi” qiymət alan, habelə dərs məşğələlərinə gəlmədiyi üçün biliyi qiymətləndirilməyən V, VIII və X sinif şagirdləri təkrar sinifdə saxlanılır. Yəni buraxılış sinif şagirdlərinin təkrar sinifdə saxlanılması mümkün deyil.

Bəs nəticəsi aşağı olan şagirdlərin tədrisi davam etdirməsinə maneə yaradıla bilər?

Qeyd edək ki, sosial şəbəkədə bir çox valideyn məktəb direktorlarının onları məktəbə dəvət edərək imtahandan zəif nəticə göstərmiş övladlarını məktəbdən xaric etməyə, peşə yönümlü məktəblərdə təhsillərini davam etdirməklərini istəyiblər.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, şagirdlər nəticədən asılı olmayaraq təhsillərini davam etdirə bilərlər:

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycanda təhsil icbaridir. Yəni şagirdlərin I sinifdən IX sinfə qədər məktəbə getməsi tələb olunur. X və XI sinifdə təhsilini davam etdirmək şagirdin özünün və valideynin, qanuni nümayəndəsinin istəyi, arzusu üzrə həyata keçirilir. Heç bir məktəb direktorunun şagirdi məktəbdən kənarlaşdırmaq hüququ yoxdur.

Şagirdlərin digər sinfə keçməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı da var. Bu qərarda şagirdlərin hansı hallarda sinifdən sinfə keçirilə biləcəyi və hansı hallarda buna mane oluna biləcəyi qeyd olunub. Bu, çox ciddi məsələdir.

Təəssüflər olsun ki, bir sıra məktəb direktorları öz səlahiyyətlərindən sui-istifadə edərək nəticələri yaxşı olmayan şagirdlərin məktəbdən kənarlaşmasını həyata keçirilər. Lakin bu, yolverilməzdir.

Bütün şagirdlər buraxılış imtahanında topladıqları baldan, göstərdikləri nəticədən asılı olmayaraq, rahatlıqla X sinfə keçə bilərlər, buna heç bir halda summativ nəticələrində göstərdiyi qiymət mane olmaz. İstisna hal var ki, əgər iki qiyməti alıbsa, o, yay məktəbinə saxlanılır. Əgər həmin imtahanı verə bilməsə, sinifdə saxlanılır”.

Ekspert deyib ki, hazırda şagirdlərin peşə məktəblərinə yönləndirilməsi prosesi genişlənib:

“Bilirəm ki, peşə agentliyinə uşaqların qəbul faizini yüksəltmək üçün Elm və Təhsil Nazirliyinin xüsusi sifarişi var. Məktəb direktorları qanunvericiliyin tələblərini ciddi şəkildə pozaraq uşaqlara süni şəkildə maneə yaradırlar.

Buna heç bir halda yol vermək olmaz. Təbii ki, valideynlərə məlumat vermək olar ki, sizin övladınızın nəticəsi zəifdir, onun təhsilini davam etdirməsi, bəlkə də gələcəkdə uğurlu olmaya bilər. Dirktorlar sadəcə məlumat verə bilər ki, övladınız bu nəticəylə ali məktəbə qəbul olmaq üçün lazımi balı toplaya bilməz, peşə və ya kollecə gedə bilər. 

Məlumat istisna olmaqla, heç bir halda məcburiyyət ola bilməz, şagirdlərin bir sinifdən digər sinfə keçməsinə heç kim mane ola bilməz”.