Laçına qayıdış: Azərbaycana necə təsir edəcək? – TƏHLİL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlanır. Birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülür. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Hazırda məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərinin açarlarını onlara təqdim edib. Ölkə başçısı çıxışında bildirib ki, ilk 20 ailə artıq dünəndən Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək.

Bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620 fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıb. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər.

Yaxın vaxtlarda iş yerlərinin bəzilərinin istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da Laçına dönən insanların işlə bağlı hər hansı problemi olmayacaq. Hazırda Laçının hər tərəfində Böyük Qayıdışa hazırlıq gedir. İyun ayından etibarən daha bir qrup Laçın sakini evinə qayıdacaq.

Maraqlıdır, Laçına köçün başlamasının üstünlükləri nə olacaq və bu proses Azərbaycana necə təsir edəcək?

Mövzu ilə bağlı Faktmedia.az-a danışan millət vəkili Rüfət Quliyev deyib ki, mən bunu dəfələrlə demişəm və hər zaman da deyəcəm, Azərbaycan hakimiyyəti, başda möhtərəm Cənab Prezident olmaqla, nəyi söz verirsə, nəyi vəd edirsə hamısını  həyata keçirir:

“Təbii ki, Laçına qayıdış mərhələli şəkildə həyata keçiriləcək. Orada ən böyük problemimiz minalardır, ərazi minalardan təmizlənməlidir. Hal- hazırda orada infrastruktur layihələri həyata keçirilir, onlar tamamlanmalıdır. Sosial həyatı normal qurmaq üçün məktəblər, bağçalar, evlər və lazım olan bütün obyektlərin tikintisi başa çatmalıdır. Bu işlər başa çatdıqdan sonra yeni iş yerləri açılacaq ki, insanlar orada özlərini rahat formada hiss etsinlər. Mən əminəm ki, mərhələli şəkildə bütün bunlar tezliklə həyata keçiriləcək”.

Deputat Cavanşir Feyziyev isə hesab edir ki, işğaldan azad edilmiş bütün ərazilərin tezliklə minalardan təmizlənməsi və düşmən tərəfindən yaşanılmaz hala salınmış şəhər və kəndlərimizin ən müasir yaşam standartlarına uyğun şəkildə yenidən tikilməsi ölkə başçısı tərəfindən dövlətin prioritet vəzifəsi olaraq müəyyənləşdirilib:

“Azad edilmiş torpaqlara qayıdış yalnız öz evlərinə qayıtmaq imkanı əldə etmiş soydaşlarımızı yox, bütün Azərbaycan xalqını sevindirir. Coğrafi baxımdan çox vacib strateji mövqedə yerləşən Laçının yenidən məskunlaşması Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın çox vacib mərhələsidir. Cənab Prezidentin şəxsi nəzarəti və bilavasitə yaxından iştirakı ilə həyata keçirilən quruculuq – abadlıq işləri  yaxın illərdə bütün soydaşlarımızın öz doğma yurdlarına ləyaqətli qayıdışını təmin edəcək”.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Faktmedia.az-a bildirilib ki, ilkin mərhələdə köçürülən ailələr, əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda ən ağır şəraitdə yaşayanlar arasından seçilib. Onlar Laçın şəhərində işğaldan əvvəl yaşadıqları və işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında aparılan təmir-bərpa işləri nəticəsində tamamilə yenilənmiş və zəruri yaşayış şəraitinin yaradıldığı evlərdə məskunlaşacaqlar.