“Prezident İlham Əliyevin Laçında bir qrup separatçıya mesajı xüsusi siyasi əhəmiyyət daşıyırdı və bundan mütləq şəkildə separatçılar bir nəticə çıxarmalıdır. Əlbəttə ki, artıq Azərbaycan Ermənistanla sərhəddə – Laçın yolunda nəzarət buraxılış məntəqəsi qurduqdan sonra ümumiyyətlə Xankəndidə oturan bir qrup separatçıların hər hansı gələcəyi yoxdur və onlar konkret olaraq de-fakto Azərbaycanın tam nəzarəti altındadır”.
Bu sözləri Publika.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, onlar Azərbaycan hakimiyyətinə tabe olmalı və konstitusiya çərçivəsində yaşamalıdırlar:
“Düşünürəm ki, Prezidentin bu bəyanatı sıradan bir bəyanat deyil. Separatçılar bu bəyanatlara məhəl qoymadılar. Onlar Kəlbəcər istiqamətində atəşkəsi pozmaqla, təxribat törətməklə sülh prosesinə qarşı olduqlarını göstərdilər. Azərbaycan antiterror əməliyyatlarına başlayacaq və separatçılar orada məhv ediləcək, silahlı erməni birləşmələrini tamamilə neytrallaşdıracaq. Ümumiyyətlə, ilin axırına kimi Xankəndidəki separatçılar, həmçinin silahlı erməni birləşmələrinin fəaliyyətinə son qoyulmasını istisna etmirəm”.