Xankəndində ilişib qalan separatçı rejimin nümayəndələri arasında çəkişmələri Azərbaycan mediası nədənsə tez-tez gündəmə gətirir. Bu yalnız qondarma rejimlə bağlı olmur. Bir çox hallarda Ermənistan tərəfdən düşünülmüş şəkildə ortalığa atılan hər hansı mövzu Azərbaycanın media resurslarında müzakirəyə çıxarılır, bəzən lazımsız bir mövzu tirajlanır.
Azərbaycan media ictimaiyyəti belə məqamlarda diqqətli olmalıdır. İstər Qarabağdakı separatçı rejimin başçısı Araik Arturyan, istərsə də Samvel Babayan olsun bunların hər ikisi Azərbaycan xalqına qarşı cinayətlərdə əli olan canilərdir. Bunların törətdiyi cinayətlərlə bağlı məhkəmə qərar verməlidir. Nəinki bu iki şəxs, ümumiyyətlə, dinc azərbaycanlılara qarşı törədilmiş qətllərdə, separatizmin dərinləşməsində təqsirli bilinən hər kəs hüquq qarşısında cavab verməlidir. Bu gec-tez baş tutacaq.
Qaldı ki qondarma rejimin başçısı Araik Arturyanla Samvel Babayan arasında çəkişmələri media gündəminə gətirmək məsələsi qüsurlu haldır. Əslində belə müzakirələr həmin şəxslərin Xankəndində idarəetmə sahəsində dünyaya təqdim etmək istədikləri, buna demokratik don geyindirmək planının tərkib hissəsi ola bilər.
Görünən odur ki, onların əsas məqsədləri öz mövcudluqlarını ictimaiyyətə çatdırmaqdır. Təbii ki, bu da bir çox məkrli qüvvələrin planlarıdır. Digər tərəfdən separtçılğın dirçəldilməsi sabitliyi regionda əlçatmaz etməklə bərabər, lokal müharibə riskini artıra bilər.
Heç şübhəsiz ki, gələcəkdə Qarabağda idarəetmə sisteminin formalaşması zəruridir. Bu yalnız Azərbaycanın qanunları çərçivəsində Qarabağda yaşayan dinc erməni vətəndaşların azərbaycanlılarla birlikdə müxtəlif qurumlara seçkilər nəticəsində mümkün ola bilər.
Əkrəm Bəydəmirli