QHT-nin inkişafı üçün fundamental dəyişikliyə ehtiyac var

İctimai sektorun fəaliyyətinə kölgə salmaq ədalətsizlik olar. Kimin necə düşünməsindən asılı olmayaraq, Azərbaycanda QHT çox cüzi maliyyə ilə kifayət qədər əhəmiyyətli işlər görüb. Əgər həyata keçirilən layihələrin monitorinqini aparsaq xeyli maraqlı ideyalara, müxtəlif sahələr üzrə çap olunmuş nəşrlərə və digər uğurlu işlərin nəticələrinə rast gəlmək mümkündür. QHT-nin potensialından düzgün istifadə etmək ən məqbul variantdır. Bu sahədə kifayət qədər fədakar, intellektli insanlar cəmləşib. Nəzər salanda bir daha şahidi oluruq ki, həmin şəxslər səmimi şəkildə dövlətin, cəmiyyətin inkişafına xidmət etmək istəyində və gücündədir.

II Qarabağ savaşında və ondan sonrakı dönəmdə QHT sektorunun nümayəndələri hər zaman dövlətimizin yanında olub. Bəzən rəsmi qurumların deyə bilmədiyi sözü müstəqil düşünən Vətəndaş Cəmiyyətinin nümayəndələri çox rahat şəkildə  dövlətin, cəmiyyətin  mənafeyi ilə bağlı məqamları  ifadə ediblər. Ötən ilin dekabrın 12-də Laçın -Xankəndi yolunda QHT nümayəndələrinin keçirdiyi etiraz aksiyası uzaq tarix deyil.  Bu böyük fədakarlığın nəticəsi  isə göz qabağındadır. Yəni belə faktların sayını artırmaq olar. Lakin bu gün bizi düşündürən digər narahatlıq doğuran məqamlar qalmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları dəfələrlə öz çıxışlarında ictimai nəzarətin təşkili ilə bağlı cəmiyyətə çağırış edib.  QHT sektoru bu çağrışlara hazırdırmı?

Bu gün QHT-nin davamlı maliyyələşmə məsələsi problem olaraq qalmaqdadır. Müşahidələrə əsasən onu demək olar ki, ictimai nəzarətin təşkil olunmasına davamlı şəkildə nail olmaq üçün Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyəti təmərküzləşməlidir. Bu işin davamlı və effektli olması üçün QHT iqtisadiyyatı formalaşmalıdır. Azərbaycanda QHT sahəsində ciddi problemlər hələki həllini tapmayıb. Ən ciddi məsələ odur ki, maliyyə problemi  Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyətinə mənfi təsir göstərir. Bir çox hallarda vəsait çatışmazlığına görə, mütəxəssislər bu sahədən uzaqlaşmağa məcbur olurlar.

QHT iqtisadiyyatı yalnız  Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyi ilə bağlı məsələ deyil. Bu problemin həlli üçün bütün dövlət qurumları, özəl şirkətlər və digər təşkilatlar qapılarını Vətəndaş Cəmiyyətinin üzünə tamam açmalıdırlar. Təəssüf ki, bu baş vermədiyi üçün bir sıra problemlər çözülmədən dərinləşir. Bəzi nazirliklər, dövlət qurumları qrant müsabiqəsini elan edərək  öz çevrəsində olan, özlərinə yaxın QHT-lərə vəsait ayırırlar. Belə hallar kifayət qədər potensialı olan QHT sektoruna, ümumilikdə Azərbaycan cəmiyyətinə zərbə vurur. Digər narahatlıq törədən məqam ondan ibarətdir ki, elə şəxslər var bir sıra vəzifələrdə çalışır, Və nəhayət özü üçün  qht-lər yaratmağı da unutmurlar. Çox dərinə getmirəm. Belə QHT-lərdən qurtulmaq lazımdır. Hər kəs öz işi ilə məşğul olmalıdır.

Dünyada gedən proseslərə QHT-lərimizin fəaliyyəti niyə adekvat deyil sualına birmənalı cavab vermək çətindir. Lakin yazıda sadalanan problemlərə nəzər saldıqca, bu suala cavab tapmaq mümkün olur.

QHT iqtisadiyyatının yaranması bu sahədə çalışanların varlanmasına deyil, ümumilkdə QHT sisteminin institutlaşmasına xidmət edəcək vasitədir. Digər tərəfdən QHT sistemi zəngin olarsa, maliyyə çevrəsi genişlənərsə ictimai nəzarətin təşkilinə, şəffaflığın təmin edilməsinə daha əhəmiyyətli təkan verə bilər.

QHT-yə Dövlət Dəstəyi Agentliyi ilə bağlı bəzi məqamlara nəzər salaq.

Ondan başlayaq ki, qrant müsabiqəsinin nəticələrinin gecikdirilməsi QHT sektorunun fəaliyyətini ləngidir. Buna yol vermək olmaz.  Elə insanlar var yalnız QHT-də çalışır. Bundan əlavə  uzunmüddətli layihələrin icrasına start vermək lazımdır. Bir neçə aylıq müddətdə, az vəsaitlərlə effektli işlər görmək çətin olur.  Həmçinin dünyada və ölkədə davam edən inflasiyanı  layihənin icrası dövründə nəzərə alıb qiymətləri müəyyən etmək lazımdır. Bundan əlavə layihənin hesabatı tədricən elektron sistemlə tənzimlənməlidir. QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti hesabına çap olunacaq kitablar və hazırlanacaq sənədli filmlərlə bağlı davamlı fəaliyyət göstərəcək komissiyanın yaradılmasına ehtiyac var. Qalıcı intellektual məhsul olan kitablara, filmlərə ciddi münasibət olmalıdır. QHT-yə Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün  alternativ maliyyə mənbələrini müəyyən etmək məqsədilə  Azərbaycan Dövlət Neft Şirkəti ilə, digər nəhəng maliyyə qurumları ilə, Azərbaycan insanından milyonlar qazanan mobil şirkətlərlə birgə qrant müsabiqəsi élan etməsi çox effektli olar.

Təbii ki,bütün bunlar qısa təkliflərimizdir. QHT sahəsi ilə bağlı ciddi narahatlıq doğuran məqamlar qalmaqdadır.

Əkrəm Bəydəmirli