Fevralın 24-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbiri AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva açaraq fevralın 26-nın Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu söyləyib, 31 il öncə Xocalıda həyata keçirilmiş hərbi əməliyyat nəticəsində kütləvi qətliam və insanlığa qarşı zəmanəmizin ən dəhşətli cinayətlərindən birinin baş verdiyini deyib.
Xocalı soyqırımının ağır nəticələri barədə danışan G.Baxşəliyeva xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söyləyib. O, həmin hadisələrdə erməni hərbi birləşmələrinin sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinin işğalı zamanı törətdikləri görünməmiş vəhşiliklər barədə danışıb.
Akademik G.Baxşəliyeva ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımlarla bağlı Şərqşünaslıq İnstitutunda bir sıra tədqiqatların aparıldığını, kitabların nəşr edildiyini, Xocalı faciəsi barədə hazırlanan ərəb, fars və ingilis dillərinə bukletlərin bir çox ölkələrdə yayıldığını, institut əməkdaşlarının bu faciə barədə dünya kütləvi informasiya vasitələrində çoxsaylı məqalələrinin dərc edildiyini vurğulayıb.
İnstitutun Şərq-qərb şöbəsinin müdiri ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı Xocalı faciəsinin ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri silsilə cinayətlərin ən dəhşətlisi olduğunu deyib. M.Babaşlı Xocalı soyqırımının təşkilatçılarının Ermənistan rəhbərliyi, birbaşa icraçılarının Ermənistan silahlı qüvvələrinin bölmələri, Qarabağdakı erməni terror dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin üzvləri olduğunu vurğulayıb. Şərqşünas alim Xocalı soyqırımı haqqında həqiqətlərin sistemli və məqsədyönlü şəkildə dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini qeyd edib.
Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı ermənilərin regional və beynəlxalq güclərin hərtərəfli himayəsi ilə 1905-1907-ci, 1918-ci, 1920-ci, 1948-1953-cü və 1988-ci illərdə dəfələrlə türk-müsəlman xalqlarına qarşı deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirdiklərini bildirib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayın iştirakı ilə Xocalıda müasir dövrümüzün ən qanlı və dəhşətli qətliamının həyata keçirildiyini deyən S.Talıblı bu faciənin acı nəticələrindən danışıb.