26 Fevral Xocalı soyqırımının şeirlərdə təsviri

*XOCALINI*
Min arzu var ,milyon dilək
Od ocaqsız qəlbim  kövrək
Səbr elə döz ,döz ay ürək
Gedim görüm Xocalını.

Ağlar qaldım dərdə düşdüm
Yurd yuvama qəribləşdim
Qaçqın oldum ,köçgünləşdim
Qırış aldı əl qolumu
Dərd etməkdən Xocalını.

Köz qalanıb  qəlbim üstə
Yurddan uzaq oldum xəstə
Bircə dəfə son nəfəsdə
Gedim görüm Xocalını.

Oldum yurdsuz pərən-pərən
Ömürdən də pay istərəm
Qismət ola torpaq ,vətən
Düşünmərəm bu canımı
Görüb öləm Xocalımı.

  Xocalı faciəsi
O qarlı ,şaxtalı müsibət dolu
Gecəni hələ də unutmamışıq.
Körpə harayına  yetə bilməyən
Çarəsiz ananı unutmamışıq.

Nə əzab əziyyət çəkdi körpələr
Bədənlər ayrıldı bir neçə yerə
Qaranlıq gecədə ay yumdu gözün
Şahidlik etmədi bu vəhşiliyə.

Ağaclar budaqlar nalə çəkdilər
Daşlar qan gördükcə dəhşətə gəldi.
Çığrıqlar qulağı batırdı , əfsus
Düşmən çox qəddardı insaf etmədi.

   XOCALI
Qarlı qış gecəsi səslər ucaldı,
Düşmən güllələri canları aldı.
Xonçalı gəlinin bəxti qaraldı,
Alova büründü, yandı Xocalı.

Ana balasının gözü önündə.
Can verdi əzabla, acı, zülümlə,
Hamısıaha ucaldı bu ah, bu nala.
Qorxunc bir yuxudur sandı Xocalı.

Hər kəs öz canının hayına düşdü,
Ana balasından çarəsiz keçdi,
Düşmən xalqımızın qanını içdi,
Dəhşətə büründü, sındı Xocalı.

Günahsız canlara zülm etdilər,
Kimsəsiz can görmüş quduz itdilər,
Ötüşsə üstündən yenə də illər,
O günü yenidən andı xocalı.

       “Xocalıda ölənlər”
Qismətilə barışmayaq biz gərək
Savaş yolu ,sülh yolu birin seçək
Nəhayət ki ,bir olaq qərar verək
Torpağları yağılardan biz alaq.

Unudulmur keşməkeşli dünənlər
Unudulmur Xocalıda ölənlər
Bu vətəni paramparça edənlər
Günahının  cəzasını alacaq!
Torpağımız bir gün azad olacaq!

Şəhid verən qan ağlayır, qan qusur
Vəhşiliyə bu dünya hələ susur
Neçə ailə olubdu əsir ,yesir
Gözlər yaşlı, ürək nisgil ,yara ,dağ
Yağılardan azad olsun Qarabağ.

Oğlum deyir, qızım deyir ağlayır
Cavan balam şəklin sevir ağlayır
Köksündəcə ürəyini dağlayır
Qayıdarmı qızı, oğlu evə sağ?
Alışarmı  közü olmayan ocaq?

Yadlar aldı  evimizin istisin
Külək vurdu o yan- bu yan    tüstüsün
Od bürüdü elimizi  büsbütün
Yatan yandı ,güllələndi hər oyaq
Günahkarlar cəzasızmı qalacaq?!

Şeirlərin müəllifi – Azərbaycan Yazıçılar birliyinin üzvü ,Dünya Ana və Uşaqlar İB nin mədəniyyət üzrə müavini,Dunyaxeber.org – un redaktoru Leyla Mətindir.