Bu gün Azərbaycanda və şərqdə ilk televiziyanın yaranma günüdür

Bu gün Azərbaycanda və şərqdə ilk televiziyanın yaranma günüdür.

Televiziyanın yaranmasından 67 il ötür.

Belə ki, SSRİ-də Bakı televiziya studiyası 14 fevral 1956-cı ildə fəaliyyət göstərməyə başlayıb.

İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. O, çıxışını “Göstərir Bakı!” kəlməsi ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

Əvvəllər yayım yalnız Bakı və Sumqayıtı əhatə edirdi. Bir il sonra – 1957-ci ildə televiziyanın əhatə dairəsi genişlənərək Salyan, Quba, Kürdəmir, eləcə də Azərbaycanın digər rayon və şəhərlərində də yayımlanıb.

1957-ci ildən Azərbaycan televiziyası həftədə beş dəfə efirə çıxıb və yalnız 1962-ci ildə gündəlik yayıma başlayıb. İldən-ilə təkmilləşən milli televiziyamız 2005-ci ilin yanvarından 24 saatlıq fasiləsiz yayıma keçib.

1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb. 2005-ci ildən isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şirkət “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Dunyaxeber.org

Azərbaycan Televiziyası ölkə teleməkanının formalaşmasında böyük rol oynayıb. Bu, müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü qabarıq göstərib.

Bu gün Azərbaycan televiziyaları geniş tamaşaçı auditoriyasına malikdir.