Kinoittifaqın sədri ətrafında qalmaqal böyüyür

Şəfiqə Məmmədova ittihamlar qarşısında;  Azərbaycan Kinematoqrafçılar İttifaqı bağlanır?

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ)  ətrafında qalmaqal böyüyür. AKİ-nin mətbuat katibi vəzifəsindən ayrılan Əli Vəliyev mediaya  açıqlamasında ittifaqdakı özbaşınalıqlarla bağlı son açıqlamalarından sonra ciddi təzyiqlə üzləşdiyini bildirib: “İşdən çıxmağımla bağlı açıqlamalar verəndən sonra mənə qarşı təzyiqlər artıb. Dediklərimin hamısı düzdür, hamısı faktdır. Vətən müharibəsi zamanı “YAŞAT” Fonduna köçürmək üçün üzvlərdən və katiblərdən pul toplandı, eyni zamanda mən özüm də müəyyən vəsait qoymuşam ora. Xalq artisti Vasif Babayev 500 manat, Nəriman Məmmədov 200 manat, Oktay Mirqasımov müəyyən qədər və s. pullar ödəmişik. Ümumilikdə 2820 manat pul yığıldı. Hətta Vasif Babayev o pulu verəndə açıq qeyd etdi ki, “Balalarımın boğazından kəsib, bu pulu qazilərimiz, şəhid ailələrimiz üçün göndərirəm”. Şəfiqə Məmmədova isə bu pulları mənimsəyib, qoyub cibinə. Əvəzində dövlətin ittifaqa ayırdığı puldan 5 min manat YAŞAT Fonduna ianə edib. Qoy həmin o 2820 manatı hara köçürübsə, zəhmət olmasa Şəfiqə xanım onun qəbzini versin. Verə bilməyəcək. Əgər dediyimin əksini edə bilsə, mən üzr istəyib, sözlərimi geri götürəcəyəm”.

Qeyd edək ki, ötən ilin dekabrında iddia olunurdu ki, Şəfiqə Məmmədovanın sədr seçildiyi gün AKİ-nin hər hansı qurultayı baş tutmayıb. Bu səbəbdən də AKİ üzvləri xalq artistinin özü-özünü sədr elan etdiyini bildiriblər.

Bununla bağlı ilk etiraz olaraq qurumun üzvü, xalq artisti Şeyx Əbdül Mahmudbəyov mətbuata açıqlamasında  Şəfiqə Məmmədovanın saxta yolla sədr seçildiyini demişdi.

Tanınmış kinorejissor Oqtay Mirqasımov isə buna cavab olaraq bildirmişdi ki, Ş.Məmmədova əsasnamədə yazılan qaydada seçilib və təsdiqlənib: “Bizdə hər şey qurultayla həll edilmir. Konfransın bəzi şeyləri həll etmək hüququ var. Seçim məsələsi gündəmə gəldikdə fikirləşdik ki, hazırda Kinematoqrafçılar İttifaqı elə vəziyyətdə deyil ki, qurultayı gözləyək”.  Onun sözlərinə görə, hazırda ittifaqın qurultay keçirə biləcək maliyyə vəsaiti yoxdur, buna görə sədr iclasda seçilib: “Burada maliyyə məsələləri var, bizim büdcəmiz o qədər də güclü deyil. Hazırda çox gərgin vəziyyətdəyik, imkanımız məhduddur. Qurultayı yığmaq çox vəsait və hazırlıq tələb edir. Biz özümüz qərara gəldik ki, elə burada – iclasda seçək. İttifaqın hüquqşünasını çağırdılar ki, məsləhət etsinlər görək bu məsələdə hansı yol qanunidir. Vaqif Mustafayev ondan soruşdu ki, belə qayda varmı? Hüquqşünas isə əsasnaməyə baxaraq bunun qanuni olduğunu, amma iştirak edənlərin fikirlərini deməli olduğunu bildirdi. Biz isə hamımız xorla Şəfiqə Məmmədovaya səsimizi verdik. Bizim ittifaqda heç vaxt davakarlıq olmayıb, bundan sonra da olmayacaq”.

İttifaqın üzvü, kinorejissor Ayaz Salayev isə bu barədə Lent.az saytına təzadlı açıqlama verib. O qeyd edib ki, quruma hələ ki sədr seçilməyib: “Bu, qurultay deyildi, iclas idi. Sədr hələ seçilməyib. Protokolun qəbul edilib-edilməməsi barədə məlumatsızam. Seçki və qurultay isə mütləq keçiriləcək, kim sədr vəzifəsinə seçilmək istəyirsə, namizədliyini irəli sürə bilər”.

Mediada Kinematoqrafçılar İttifaqından kütləvi şəkildə istefalar olduğu, qurumun tezliklə bağlanacağı, ya da hazırda Rasim Balayevin rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqına birləşəcəyi haqda iddialar var.

Məlumata görə, qurumdan istefa verənlərin arasında xalq artistləri Əbdül Mahmudov, Ramiz Məlikov, Tariyel Qasımov, əməkdar artistlər Gülşad Baxşıyeva, Münəvvər Əliyeva, xalq yazıçısı Natiq Rəsulzadə, əməkdar incəsənət xadimi Yavər Rzayev, həmçinin Yusif Quliyeva, Reyhan İsayeva, Yalçın Verdiyev və başqalarının adı var.

Milli.Az bildirir ki, Reyhan İsayeva “Yeni Müsavat”a açıqlamasında deyib ki, istefa verməsi yalandır, çünki qurumdan 2019-cu ildə ayrılıb:  “Şəfiqə xanım həmişə bildirirdi ki, digər ittifaqa üzv olanlar avtomatik olaraq bu qurumdan çıxır. Mən də digər quruma üzv olduğum üçün demək ki, işdən çıxmış hesab olunuram. Beləliklə, mən işdən ayrılanda nə etiraz etmişəm, nə də ərizə yazmışam”.

Ssenarist qurumdan ayrılma səbəbini də açıqlayıb: “İşdən ayrılmağımın səbəbi iddia olunan hansısa yeyintilər olmayıb. Mən 2019-cu ildə Rotterdam Beynəlxalq Kino Festivalına dəvət almışdım və buna görə məzuniyyət istəmişdim. Həmin vaxt 7-8 ay idi ki, analıq məzuniyyətindən qayıtmışdım, ona görə də mənə məzuniyyət verilmədi. Həm də həmin dövrdə paralel olaraq filmlərə ssenarilər yazırdım və ittifaq zamanımı çox alırdı. Bunu da götür-qoy edib, qurumdan ayrıldım”.

Reyhan İsayeva ittifaqa üzvü olarkən qurumda qanuni seçki keçirilmədiyini də qeyd edib: “Qurumda işlədiyim dövrdə nə vaxtsa qanuni seçki keçirildiyini görməmişəm. Mütəmadi olaraq ildə 2-3 dəfə katibliklər olurdu ki, həmin vaxt da müəyyən məsələlər müzakirə olunurdu. Bir kino adamı olaraq o ittifaqda məni qane etməyən tərəf fəaliyyətsizlik idi. Mənə görə ittifaq ictimai təşkilat olaraq kino camiəsi üçün demək olar ki, minimum səviyyədə fəaliyyət göstərirdi. Bir dəfə kursla bağlı müraciət etmişdim, onun xərci ilə  bağlı maliyyə dəstəyi istəmişdim, özü də çox cüzi vəsait idi, amma mənə Şəfiqə Məmmədovanın adından imtina verdilər ki, “biz belə işlərlə məşğul olmuruq”.

“İki kino ittifaqı birləşə bilərmi” sualına Reyhan İsayeva bu cür cavab verdi: “Düşünmürəm ki, Şəfiqə Məmmədovanın qurumu ilə bizim ittifaqımız birləşsə, nəsə olacaq. Çünki həmin ittifaq çox fəaliyyətsizdir. Hesab edirəm ki, vahid bir qurum yaransa daha etibarlı olar. O ki qaldı Əli Vəliyevin iddialarına, o, illərlə həmin  qurumda çalışıb və nədənsə indi bu nüansları ortaya çıxarır. Hesab edirəm ki, onun bu davranışında qərəz daha çoxdur”.  Əməkdar incəsənət xadimi Ayaz Salayev “Yeni Müsavat”a  açıqlamasında öncə qurumdan istefa verənlərə münasibət bildirib: “Bu ittifaq heç kəsin şəxsi mülki deyil. Küsmək əvəzinə təkliflər verərdilər, qurultay tələb edərdilər. O ki qaldı yeyinti ilə bağlı iddialara, mən oradan maaş almıram, heç bir yeyinti də görməmişəm”. “İttifaq bağlanacaq iddiaları nə dərəcədə doğrudur” sualımıza cavabında isə Ayaz Salayev qeyd etdi: “Bilmirəm. Ümumiyyətlə, belə şeylərə əhəmiyyət vermirəm. Əgər qurum bağlanarsa, həyatımda heç nə dəyişməyəcək”.

Qeyd edək ki, bir müddət əvvəl səslənən iddialara görə, Kinematoqrafçılar İttifaqı zamanında Prezident Administrasiyasının və AMEA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin “əli” ilə məhz Rüstəm İbrahimbəyovu gözdən salmaq, onun qurumunu bağlamaq üçün yaradılıb.

Dünyaxeber.org