Azərbaycan ictimaiyyəti nümayəndələrinin Laçın yolunda 37 gündür fasiləsiz davam edən aksiyası “erməni dünyasını” və onların havadarlarını hərəkətə gətirib. Demək olar, hər gün müxtəlif təşkilatların nümayəndələri, konqresmenlər, erməni lobbi qurplarının təsiri altında olan siyasətçilər Azərbaycana çağırış ünvanlayaraq Laçın yolunun açılmasını tələb edirlər. Halbuki, bu yolda hərəkət dayandırılmayıb və bunu separatçı rejimin nümayəndələri, Ermənistan rəsmiləri də etiraf ediblər.
Yanvarın 17-də də müxtəlif ünvanlardan Azərbaycana xarici ölkələrin rəsmi və qeyri-rəsmi nümayəndələri Laçın yolunu açmaq üçün tələb və çağırışlarla çıxışlar səsləndiriblər.
Daşnak partiyasının ABŞ-dakı üzvləri Vaşinqtonda Azərbaycan səfirliyinə gedən yolları bağlayıb və Laçın yolunun açılmasını tələb edirlər. Rusiya Federasiyasının ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç isə Laçın yolunun Rusiya sülhməramlılarının nəzarətinə verilməsinə çağırış səsləndirib. Daşnaklar Avropada da kəskin hərəkətlərdən çəkinməyiblər. Fransa XİN binasının qarşısında saatlarla etiraz aksiyası keçirib, Azərbaycana qarşı sanksiya tətbiq etməyə, Laçın yolunun açılmasına çağırışlar ediblər.
ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter təşkilatın Daimi Şurasının yanvarın 17-də Laçın yolunda yaranmış vəziyyətlə bağlı Ermənistanın təşəbbüsü ilə keçirilən iclasında deyib: “Birləşmiş Ştatlar Laçın yolu ilə hərəkətin artıq 30 gündür ki, əngəllənməsindən, bunun Qarabağda ərzaq, dava-dərman və başqa malların qıtlığını yaratmasından dərindən narahatdır. Bu faktlar mübahisəsizdir. Biz Azərbaycanı və Rusiyanı bundan əvvəlki öhdəliklərə uyğun olaraq maneəsiz tranzitin dərhal bərpa olunmasına çağırırıq”.
Karpenter xatırladıb ki, sözügedən öhdəliklərə Laçın yolu ilə hər iki istiqamətdə şəxslərin, maşınların və yüklərin hərəkətinə təhlükəsizlik qarantiyalarının verilməsi də daxildir.
ABŞ səfiri bildirib ki, hazırda Laçın yolunda şəxsi və kommersiya nəqliyyatı hərəkətinin davam edən əngəllənməsinın bu bölgədə yaşayan insanlar üçün kəskin humanitar nəticələri ola bilər.
O, habelə bu vəziyyətdə kritik köməyinə görə Beynəlxalq Qırmızı Xaç Komitəsinə təşəkkürünü bildirib.
Səfir xatırladıb ki, ATƏT-in bu iclasdakı bütün iştirakçı üzvləri öz ərazilərində etnik mənsubiyyətindən asılı olmayaraq adamların təhlükəsizliyini qorumaq öhdəliyinə malikdir. Karpenter bəyan edib ki, ATƏT və onun müxtəlif təsisatları Azərbaycana və Ermənistana “bizim dəyərlərimiz, yanaşmamız və prinsiplərimiz” əsasında dəstək verməyə hazırdır: “Birləşmiş Ştatlar Azərbaycanı və Ermənistanı aralarındakı mübahisələri mənalı danışıqlar yolu ilə həll etməyə çağırır. Tərəflər arasında hərtərəfli sülh müqaviləsi – münasibətlərin normallaşdırılmasına və qarşılıqlı tanınmaya əsaslanan uzunmüddətli sülhə aparan yeganə həqiqi yoldur. Biz habelə Azərbaycanı və Ermənistanı iddia olunan zorakılıqların araşdırılmasına və cavabdehlərin məsuliyyətə cəld edilməsinə çağırırıq”.
Maykl Karpenter bunu da deyib ki, ABŞ Azərbaycan və Ermənistanla ikitərəfli və habelə Avropa İttifaqı və ATƏT kimi partnyorlarla birlikdə çoxtərəfli qaydada işləməyi davam etdirəcək.
Mirzoyan nə deyir?
Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan isə iclasda çıxış edərək deyib ki, humanitar böhran hər gün dərinləşir və beynəlxalq birliyin dərhal və məqsədyönlü müdaxiləsinə ehtiyac var: “Biz adamların siyasi oyunlar, bəlkə də geosiyasi mülahizələrə görə acından ölməsinə bir kənardan sakitcə tamaşa edə bilmərik. İndi hərəkət etmək vaxtıdır”.
Mirzoyan bildirib ki, Azərbaycanın öz öhdəliklərinə əməl etməsi üçün onun üzərinə təzyiqlər artırılmalı və o hərəkətlərinə görə məsuliyyətə cəlb olunmalıdır: “Dağlıq Qarabağa və Laçın dəhlizinə, oradakı humanitar situasiyanın qiymətləndirilməsi, habelə BMT-nin müvafiq orqanlarına Dağlıq Qarabağa maneəsiz giriş verilməsi üçün faktların müəyyənləşdirlıməsi məqsədilə beynəlxalq missiyanın göndərilməsi son dərəcə vacibdir”.
Azərbaycan səfirinin tutarlı cavabı
Sözügedən iclasda Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli də çıxış edib. O, deyib ki, Azərbaycan erməni əsilli vətəndaşlarını öz siyasi, sosial və iqtisadi məkanına yenidən inteqrasiya etməkdə qərarlıdır: “Bu məqsədlə Azərbaycan yerli erməni sakinlərlə qarşılıqlı əlaqə yaratmaq, regionun mühüm su təchizatı, nəqliyyat və enerji təchizatı məsələlərini həll etmək üçün ardıcıl və uğurlu səylər göstərir. Bu təmaslar təşviq edilməli və dəstəklənməlidir. Lakin Azərbaycan Azərbaycanın Qarabağ bölgəsinə kövrək sülh quruculuğu prosesini pozmaq üçün göndərilmiş Ruben Vardanyan kimi şəxslərlə danışıqlar aparmayacaq”.
Sadıqbəyli xatırladıb ki, Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü və sərhədlərin qarşılıqlı tanınması prinsipi əsasında sülh müqaviləsinin imzalanması təşəbbüsü də Azərbaycana məxsusdur.
Səfir Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın çıxışına cavab olaraq deyib ki, “Minsk Qrupuna gəlincə, Ermənistan və Azərbaycan arasında silahlı münaqişə həll olunub və onun nəticələri hərbi-siyasi yolla aradan qaldırılıb”.
Azərbaycan diplomatı qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münaqişədən sonra normallaşma ilə bağlı ikitərəfli müzakirələr ATƏT çərçivəsindən kənarda aparılır: “Ermənistan bu reallığı tanımalı və ona uyğun hərəkət etməlidir. Biz Ermənistanı, əgər bu ölkə həqiqətən də regionda sülh və sabitlikdə maraqlıdırsa, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bütün hərəkətlərdən və döyüşkən ritorikadan əl çəkməyə, Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərini dayandırmağa çağırırıq”.
Rövşən Sadıqbəyli habelə deyib ki, Azərbaycan Laçın-Xankəndi yolundan Ermənistanın qanunsuz istifadəsinə dair sübutlar təqdim edib: “Bu yol Ermənistan tərəfindən başqa məqsədlər üçün istifadə olunur, təkcə qeyri-qanuni hərbi fəaliyyət üçün deyil, həm də təbii sərvətlərin Azərbaycan ərazisindən Ermənistana qaçaqmalçılıq yolu ilə keçirilməsi üçün istifadə olunur”. O, vurğulayıb ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozaraq öz silahlı qüvvələrini hələ də Azərbaycan ərazisindən tam çıxarmayıb.
İlham İsmayıl: “Sərtliyimizi daha da artırmalıyıq”
Yaranmış vəziyyəti şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl ermənilərin və onların havadarlarının keçirdikləri aksiyalar və səsləndirdikləri çağırışlardan danışıb. O, xatırladır ki, dünən Rusiya XİN rəhbəri Sergey Lavrov Azərbaycan XİN başçısı Ceyhun Bayramova telefon açaraq, Laçın yolunun tezliklə açılmasından danışıb: “Xəbərdə bildirilir ki, ““Rusiya tərəfi 9 noyabr 2020-ci il tarixində ən yüksək səviyyədə üçtərəfli Bəyanatda göstərilən parametrlərə uyğun olaraq Laçın dəhlizi boyunca nəqliyyatın mümkün qədər tez açılmasının zəruriliyini vurğulayıb”. Laçın yolunda ekofəalların etiraz aksiyası başlandığı gündən bəri Rusiya bu səviyyədə ilk dəfədir ki, münasibət bildirir. Maraqlıdır, 10 noyabr bəyanatına əsaslanan Sergey Lavrov niyə indiyədək həmin bəyanata görə erməni silahlı qüvvələrinin çıxarılmadığını, azərbaycanlı qaçqınların geri qaytarılmadığını da vurğulamayıb? Bu yetməmiş kimi, bu sətirlərin yazıldığı dəqiqələrdə Rusiyanın ORT kanalında nümayiş etdirilən bədii filmdə 1990-cı il 20 yanvar ərəfəsində Bakıda baş verənləri personajların dili ilə təhrif edilmiş şəkildə, ermənilərin mövqeyindən çatdırırlar”. Təhlilçi vurğulayıb ki, ermənilər Azərbaycana qarşı beynəlxalq təzyiqi artırmaq məqsədilə planlı şəkildə həm xaricdə, həm daxildə kompleks tədbirlər keçirirlər. Onun sözlərinə görə, bu təzyiqlər Azərbaycanı marağından geri çəkilməyə məcbur edə bilməsə də, bizim əks fəaliyyətimiz, ermənilərin təbliğatına qarşı beynəlxalq səviyyədə informasiya mübarizəmiz aşağıdır: “Laçın yolundakı dinc aksiyanın formasında dəyişiklik etmək, ekoloji tələblərlə yanaşı keçmiş Dağlıq Qarabağda etnik təmizləməyə məruz qalmış azərbaycanlıların doğma yurdlarına qayıtması tələbi ilə paralel olaraq qaçqınların da etirazını təşkil etmək məqsədəuyğundur. Bu etiraz, ermənilərin “etnik təmizləmə” hay-küyünün ən azı neytrallaşdırılmasına, eyni zamanda əsl sərvət olan insanlarımızın doğma yurdlarına-Azərbaycan Respublikasının ərazisinə qayıtmasının bizim yaxın hədəfimiz olduğuna xidmət etmiş olar”.
İ.İsmayıl qeyd edir ki, bizim nümayəndə heyətinin monitorinq keçirməsinə indiyədək imkan verməyən separatçılara nəyisə güzəştə getmək bizim üçün geridönməz ağır nəticələrə gətirib çıxara bilər: “Bir ovuc düşmən hər gün güzəşt etməməkdə israrlı olduğunu və olacağını vurğulayırsa və bununla da “blokada” dediklərinə özləri səbəb olduqlarını bilib, geri çəkilmirlərsə, güclü və qalib dövlət heç vaxt geri çəkilməyəcək. İstəyir Fransa XİN-in deyil, Makronun qabağını kəssinlər, istəyir Ağ Evin yolunu kəsib Amerika Prezidentinə mane olsunlar, biz mövqeyimizdə qalmalı, haqlı olduğumuz üçün davam etməli, hələ sərtliyimizi yüksəltməliyik”.
Rasim Əliyev
“AzPolitika.info”