50 milyondan artıq xalqı birləşdirən Həmrəylik bayramı 

Hazırda Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi, eləcə də diaspor məsələsinə göstərdiyi qayğı və diqqət Ulu Öndərin arzularının yaşaması deməkdir

 

Azərbaycanda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi qeyd olunması milli diasporun formalaşmasında, Azərbaycan  lobbisinin  inkişafında  başlıca  məqamlardan  biri olub. Ümummilli lider Heydər Əliyevin dahiliyi onun verdiyi fərmanların və qəbul etdiyi qərarların vaxtında və zamanın tələbinə uyğun olmasıdır. Ulu Öndərin milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərarlarından biri də Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi haqqında qərar verməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər.

Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr veriblər. Müharibə, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, bir-birindən ayrı düşüb. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılıblar.

Azərbaycan 1991-ci ildə öz müstəqilliyini elan edərkən dövlətimiz bugünki kimi güclü və dünyada nüfuzlu ölkə deyildi. Erməni təcavüzü və ölkə daxilindəki siyasi çəkişmələr dövlətimizin qüdrətini daha da zəiflədirdi. Dahi şəxsiyyət bu vəziyyətdən çıxış yolunu məhz 50 milyonluq azərbaycnlıların biləşməsində gördü və gözləntilər öz bəhrəsini verdi. Bu gün bütün sahələrdə Azərbaycanın əldə etdiyi böyük uğurlar Ulu Öndər Heydər Əliyevin istiqamətləndirdiyi xarici və daxili siyasətin və dünya azərbaycanlılarının birgə əməyi sayəsində mümkün olmuşdur.

Dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesinin institutlaşdırılmasına 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I Qurultayının keçirilməsi ilə start verilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Dünya Azərbaycanlılarının I Qurultayında Ulu Öndər Heydər Əliyev proqram xarakterli çıxış edib. Ulu Öndərin qurultayda dediyi “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib. Bu gün dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyev haqqında danışarkən qürur hissi keçirir və onunla fəxr edirlər. Milyonlarla həmvətənlərimiz, istər Vətəndə, istərsə də yaşadıqları ölkələrdə bu hissi keçirirlər.

Hazırda Azərbaycan Respublikası dünya azərbaycanlılarını birləşdirən dövlətdir. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir. 2002-ci ilin 5 iyulunda Ümummilli Lider tərəfindən Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasını da bu məsələyə dövlətin rəsmən qayğısı kimi qiymətləndirilməlidir.  2008-ci ilin noyabrın 19-da isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılıb. Hazırda Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi, eləcə də diaspor məsələsinə göstərdiyi qayğı və diqqət Ulu Öndərin arzularının yaşaması deməkdir. Disaporla İş üzrə Dövlət Komiəsinin də peşakarlıqla həyata keçirdiyi əlaqələndirici missiyasını xüsusi qeyd edilməlidir. Komitə tərəfindən xaricdəki diaspor təskilatlarına göstərilən diqqət və dəstək bu bayramı yüksək səviyyədə qeyd etməyə imkan verir. Bunun nəticəsidir ki, hazırda müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar hər il Həmrəylik Gününü sevinclə qeyd edirlər.

 

Nurullayeva Zenfira İslam qızı

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor  ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi