Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı regiona sabitlik, sülh gətirmək gücündə olacaq addımdır

II Qarabağ savaşından sonra Rusiyanın çox konfirurasiyalı oyunları, sulhyaratma imitasiyası, İranın məkrli gedişləri və özlərinin can qardaşları olan ermənilərə havadarlıq etməsi gərginliyi daha da artırıb. Məhz belə məqamda regionda təhlükəsizliyi və davamlı sülhü bərqərar etmək üçün güc faktoru zəruridir.

Bu baxımdan Azərbaycan  və Türkiyə hərbi əməkdaşlığının dərinləşməsi, qrafikdən kənar çox effektli təlimlərin keçirilməsi maraqlı tərəflərə mesajdır.

Bu güc faktoru ondan ibarətdir ki,  sülhə, sabitliyə  və iqtisadi əməkdaşlığa əngəl olmaq  istəyənlər Türkiyə və Azərbaycanın, həmçinin digər tərəfdaşların timsalında formalaşmışyeni güc platforması ilə üzləşəcəklər. Zamanın tələbinə görə, bu, güc platformasının və iqtisadi əməkdaşlığın əhatə dairəsinin genişlənməsi ehtimalı çox böyükdür.

Bir sözlə   Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı regiona sabitlik, sülh və rifah gətirmək gücündə olacaq addımdır. Əgər bütün tərəflər bu güc faktorundan zamanında lazımı nəticələr çıxarıb təxribatçı əməllərindən çəksələr, Rusiya sülh imitasiyasından vaz keçib, nəhayət Cənubi Qafqaz regionunda ədalətli sülh prosesinin yaranmasına əngəl olmasa, o zaman proseslər normal davam edəcək. Yəni silaha əl atmadan proses başa çatacaq. Əks təqdirdə güc faktorundan istifadə qaçılmazdır. Azərbaycan daha uzun illər gözləyib Rusiyanın, İranın və digər məkrli qüvvələrin məkrli planlarına tab gətirə bilməz.

Regionda və dünyada gedən prosesləri təhlil edəndə bu qənaətə gəlmək olar ki, Rusiya Ukrayna cəbhəsində məğlubiyyətə uğrasa da, Cənubi Qafqazdan əl çəkənə oxşamır. Lakin bir vacib məqam ondan ibarətdir ki, gücdən düşmüş, divara qısılmış bu ölkənin gələcəyini proqnozlaşdırmaq çətin məsələdir. O baxımdan regionun yeni siyasi-iqtisadi arxitekturası formalaşmaqdadır. Proseslərə ayıq gözlə baxıb adekvat cavab vermək məqamı yetişməkdədir.

Əkrəm Bəydəmirli