Macarıstanda “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsinin təqdimatı keçirilib

03 dekabr 2022- ci il tarixində Macarıstan Respublikasının paytaxtı Budapeşt şəhərində “Azərbaycan Evi”ndə Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, Qran-Pri mükafatçısı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin “Azərbaycandan dünyaya musiqi töhfəsi” adlı layihəsinin  təqdimatı keçirilib.

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Budapeştdə fəaliyyət göstərən “Azərbaycan Evi”nin təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan “Azərbaycan Evi”nin rəhbəri İbrahim Səfərli çıxış edərək, dünyada hər bir xalqı təmsil edən əsas amillərdən biri, onun mədəniyyətinin olması və Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında  milli musiqilərimizin  xüsusi rol oynadığını, bu baxımdan onların ölkə sərhədlərindən kənarlarda sanballı şəkildə təqdim edilməklə təbliğ olunmasının vacibliyini bildirmişdir. Sonra o, Avstriyada ali təhsil alan Respublika ə Beynəlxalq Müsabiqələr Laureatı, gənc pianoçu Ayan Məmmədli, onun milli musiqilərimizin təbliğinə həsr olunmuş yeni musiqi təqdimatı haqqında məlumat verib.

Gənc pianoçu Ayan Məmmədli tədbirdə çıxış edərək, çox qədim mədəniyyəti olan Azərbaycanın zəngin musiqiləri və böyük bəstəkarlarının olmasını qeyd edib. Mədəniyyətimizdə milli irsin qorunub saxlanılması, eyni zamanda, onun dünya miqyasında təbliğ edilməsi sahəsində illər boyu böyük işlərin görülməsi və hazırda bu sahədə görülən tədbirlərin uğurla davam etdirildiyini bildirib. O, həmçinin, musiqi sənətimizə dövlətimiz tərəfindən xüsusi qayğı göstərilməsi, bütün bu işlərin Azərbaycan mədəniyyətinin inkişafına, onun dünya miqyasında yayılmasına xidmət etdiyini bildirib. Məhz bu baxımdan Ayan Məmmədli gənc bir musiqiçi kimi öz fəaliyyətini yalnız xaricdə təhsil almaq istiqamətində deyil, həmçinin,  milli musiqilərimizi təbliğ etməyi özünə borc bildiyini söyləyib. Bu məqsədlə o, hazırladığı yeni layihəsində, milli musiqi nümunələrini pianoda öz ifalarıyla əks etdirmək və onların məzmununu açıqlamaqla, xarici tamaşaçıları doğma Azərbaycanımızın həm milli musiqiləri, onların yaranma tarixi, həm də vətəninin gözəl təbiəti ilə tanış etmək istədiyini bildirmişdir. Ayan Məmmədli  bu layihəni hazırlamaqda əsas məqsədinin onu xarici auditoriyalarda təqdim etməklə milli musiqimizi onlara yaxından tanıtmaq, təbliğ etmək və gələcəkdə əcnəbilərlə yeni əməkdaşlıq əlaqələri yaratmaq olduğunu qeyd edib. Tədbir zamanı gənc pianoçu Ayan Məmmədlinin istər Azərbaycan musiqi əsərlərinin təbliği üzrə hazırladığı təqdimat layihəsində səsləndirdiyi muğam və xalq mahnılarımız, istərsə də canlı olaraq, dahi bəstəkarlarımız Fikrət Əmirov və Qara Qarayevin repertuarından ifa etdiyi canlı musiqilər tədbir iştirakçılarına xoş anlar yaşadıb.