Bu günlərdə dünyanın bir çox ölkələrində olduğu kimi, Norveçin paytaxtı Oslo şəhərində də “8 Noyabr-Zəfər Günü” münasibəti ilə tədbir keçirilib. 5 noyabr 2022- ci il tarixində “8 Noyabr-Zəfər Günü” şanlı Qarabağ Qələbəsinin ikinci ildönümü və 2022 Şuşa İli ilə bağlı “The Great Return-Şuşa” (Böyük Qayıdış Şuşa) layihəsi,çərçivəsində möhtəşəm tədbir keçirilib. Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin, Azərbaycan Gənclər Fondu, GPM və “CAN” diaspor təşkilatının təşkilatçılığı ilə keçirilən bu möhtəşəm tədbirdə iştirak etmək üçün, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, “Qran pri” mükafatçısı, Avstriya Konservatoriyasının tələbəsi, gənc pianoçu Ayan Məmmədli də dəvət alıb. Tədbir öncəsi qonaqlar, Türkiyənin Osloda fəaliyyət göstərən səfirliyində, səfir Fazlı Çormanla görüşmüş və onun qonağı olmuşlar. Ayan Məmmədli bu görüş zamanı, Azərbaycanın milli musiqisi, bir çox mahnıların tarixi və doğma Qarabağımızla bağlı, görüş iştirakçıları olan Fazlı Çorman, onun xanımı Gülhan Çorman, Azərbaycanın Stokholm səfirliyinin müşaviri Cavanşir Məmmədov, Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının sədri Şervin xanım Nəcəfpur, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Mübariz Qədirov və Gənc Politoloqlar Mərkəzinin rəhbəri İlkin Əliyevlə maraqlı fikir mübadiləsi aparmışlar. Növbəti gün, 5 noyabrda diplomatların, Norveç siyasi və akademik dairələrinin, Norveç Azərbaycan ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirin bədii hissəsində, öncə doğma yurdu olan Qarabağ və onun mədəniyyəti, musiqi beşiyi olan və Azərbaycanın konservatoriyası hesab olunan Şuşa şəhəri, onun dünyaşöhrətli musiqiçiləri Üzeyirbəy Hacıbəyov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov və milli muğamalrımız, xalq mahnılarımız haqqında məlumat verən Ayan Məmmədlinin sonra geniş konsert proqramı ilə çıxış edərək, pianoda səsləndirdiyi ifaları, tədbir iştirakçıları tərəfindən böyük maraq və hərarətlə qarşılanmışdır. Ayan Məmmədlinin repertuarında yer alan Azərbaycanın xalq və bəstəkar mahnıları ilə yanaşı, Norveç bəstəkarının da əsəri tamaşaçılara böyük zövq yaşatmış, onlar gənc pianoçunu ayaqüstə qalxaraq alqışlamışlar. Konsertin sonunda Türkiyənin Norveçdə fəaliyyət göstərən səfiri Fazli Çorman və onun xanımı Gülhan Çorman, BMT Norveç Komissiyanın təmsilcisi Neha Ikram Bolqarıstan, Qazaxıstan səfirləri və Norveçin digər mötəbər quqrumlarından gəlmiş qonaqlar, Azərbaycanın Stokholm səfirliyinin müşaviri Cavanşir Məmmədov və başqaları Ayanla görüşərək, onun ifasında Azərbaycanın milli musiqilərini çox bəyəndiklərini bildirmişlər. Qürurverici haldır ki, hər zaman olduğu kimi, ölkəmizi layiqincə təmsil edən gənc pianoçu Ayan Məmmədli, bu dəfə də növbəti uğura öz imzasını ata bildi. Möhtəşəm musiqi ifasından əvvəl Ayanın “Mən bu gün Qalib ölkənin Qalib vətəndaşı olduğum üçün çox xoşbəxtəm!” nidası, yəqin ki, onun ifa etdiyi milli musiqilərimizlə birlikdə hələ uzun müddət qulaqlarda səslənəcək!