Hörmətli həmvətənlər!
Azərbaycanlı qardaşlar və bacılar!
Ölkəmizin hakim rejiminin polis qüvvələrinin “Gəşte Erşad” tərəfindən Məhsa Əmininin dəhşətli şəkildə qətlə yetirilməsi ilə İran İslam Respublikasının “qadına düşmənçilik” rekorduna daha bir qara səhifə əlavə olundu. Bu qətlin üstü açıldıqdan və günahsız 22 yaşlı qızın cəsədinin Saqqez şəhərində basdırılmasından sonra Vilayət Fəqihin zalım hökumətinə qarşı qəzəb və nifrət dalğası yüksəldi. Gənclər və tələbələr, onların önündə qadınlar və qızlar “Qadın, həyat, azadlıq” müştərək şüarı ilə keçirilən etiraz toplantılarında bu cinayəti törədənlərin üzə çıxarılmasını və cəzalandırılmasını tələb ediblər. Vətənimizın cəsur qızları zabitlər qarşısında hicablarını çıxartmaq, çadraları yandırmaq, saçlarını ictimai yerlərdə kəsdirmək kimi yeni hərəkat və təşəbbüslərlə hakim rejimin ideoloji aparatına meydan oxuyublar.
İndiyədək bu etirazların ölkəmizin şərqindən qərbinə, şimalından cənubuna qədər, yüzə yaxın şəhərlərə yayılması ilə bağlı çoxlu xəbərlər dərc olunub. Kürdüstan şəhərlərində etirazçılarla həmrəylik əlaməti olaraq mağazalar iki gün bağlanıb.
Əvvəlcə bu ağrılı hadisəyə bəraət qazandırmağa çalışan təhlükəsizlik orqanları və dövlət rəsmiləri əvvəlki illərdə olduğu kimi, çox keçmədən etirazçıların əleyhinə zorakılıq, qəddar və qanlı hucumlara başladılar. İndiyədək müxtəlif şəhərlərdə rejimin repressiv qüvvələri tərəfindən 20-dən çox insanın öldürüldüyü barədə məlumatlar yayılıb. Bu etirazların sürətlə yayılmasından şoka düşən repressiv hakimiyyət 1396-cı və 1398-ci günəş illəri (2017 və 2019 miladi illər) hadisələrində olduğu kimi internet xəttlərini və mobil telefon əlaqəsini kəsməyə əl atıb, bəlkə də eyni illərdə olduğu kimi, geniş miqyasda etirazçıları qırğına vermək niyyətindədir..
Rejim Kürdüstanın bəzi şəhərlərində hərbi idarəçiliyə bənzər bir vəziyyət yaradıb, kürd şəhərlərinin sakinlərini cəzalandırmaq üçün qonşu vilayətlərdən və xüsusilə, Azərbaycan vilayətlərindən repressiv qüvvələr göndərərək parçalanma yaratmağa, türk və kürdləri qarşı-qarşıya qoymağa çalışır. Təbii ki, Təbrizdə gənclərin, oğlan və qızların nəhəng nümayişləri və “Azərbaycan Oyaqdir, Kürdüstana Dayaqdır” şüarının səsləndirilməsi göstərdi ki, Azərbaycan gəncləri repressiya və təhlükəsizlik qüvvələrinin parçalama planlarını başa düşüblər və bu sui-qəsdləri ifşa etməyə doğru hərəkət edirlər.
1396 və 1398-ci günəş illərdə olduğu kimi, etirazçılara qanlı hucumların genişlənməsi ilə yanaşı, küçələrdə gənclərin, qadınların və qızların şüarları daha da radikallaşdı. “Diktatora ölüm”, “Xameneiyə ölüm”, “Zalıma ölüm, istər Şah olsun, istərsə Rəhbər” və “Kürdüstandan Təbrizə, aşıb-daşıb səbrimiz” kimi şüarlarla, etirazçılar indi birlikdə olaraq hökumətin rəhbərliyini hədəfə alıblar.
Keçən illərdə İslam İslam Respublikası zalım rejimin müxtəlif idarələrinə qarşı ədalətli və insan kimi həyatı təmin etmək üçün fəhlə və zəhmətkeşlər, müəllimlər və təqaüdçülər, müxtəlif siniflərdən və laylardan ibarət etiraz hərəkatları olub. İndi qadınların qədim və daimi hərəkatları bərabər hüquqlu və hakim rejimin ideoloji və orta əsrli buxovlarından azad olmağı uğrunda yeni mərhələyə qədəm qoyub və qadınların mühüm rolunu göstərir. Bundan əlavə, cəmiyyətin və işçi qüvvəsinin bir hissəsi kimi, fəhlə və zəhmətkeşlər, müəllimlər və təqaüdçülər hərəkatında, qadınlar ölkəmizin kişiləri ilə yoldaş və tərəfdaşdılar.
Fəhlələrin, müəllimlərin, təqaüdçülərın, gənclərin geniş hərəkatı və indi də Məhsa Əmininin dəhşətli qətli münasibətilə qadın və qızların geniş və ümummilli hərəkatı onu göstərir ki, İran İslam Respublikasının diktator idarəçiliyinin boğucu maşını ciddi sınaqlarla ölkəmizin sakinləri tərəfindən üzləşib. Bu, yaxşı fürsətdir ki, demokratik hüquq və azadlıqların, sosial ədalətin və ölkə xalqlarının hüquqlarının bərpası uğrunda birgə və mütəşəkkil mübarizə məsələsini müxtəlif hərəkatlar fəaliyyətlərini bir araya gətirmək diqqət mərkəzində olsun.
Azərbaycan Demokrat Firqəsi inanır ki, ölkəmizin sakinlərinin istəkləri və iradəsini təmin etmək üçün mütərəqqi və azadlıqsevər partiya və təşkilatların birgə fəaliyyətləri mübarizə meydanında olan insanlarla birləşməklə ölkəmizdə hökümət edən mürtəce rejimi və onun rəhbərliyini geri çəkmək olar və ölkəmizdə yeni və mütərəqqi bir şərait yarana bilər.
Azərbaycan Demokrat Firqəsı Mərkəzi Komitəsi Məhsa Əminin vəfatının ağrılı faciəsi ilə əlaqədar ailəsinə dərin hüznlə başsağlığı verir və bu dəhşətli cinayətin günahkarlarının cəzalandırılması üçün Əmini ailəsinə və ölkəmizin müxtəlif şəhərlərində keçirilən aksiya iştirakçılarına qoşulur, həm də etiraz edən qadın və gənclərin tələblərini dəstəkləyir.
Azərbaycan Demokrat Firqəsı Mərkəzi Komitəsi
29 Şəhrivər 1401-ci günəş ili
20 sentyabr 2022-ci milad ili