Daş üzərində oyma sənəti ilə məşğul olan Gülümxan Qardaşxanoğlu əsasən daşların üzərindəki xətt yazı sənəti, yüz illərdən bəri daşlara həkk olunmuş və mükəmməlliyi ilə diqqəti çəkən xəttatlıq sənəti ilə maraqlanıb.
Tanınmış rəssam Gülümxan Qardaşxanoğlu 1995-ci ildən Türkiyədə yaşayıb. O, qardaş ölkədə xəttatlıq sənətini dərindən öyrənərək çox rəngarəng, fərqli yanaşmalarla xeyli əsərlər işləyib. Onun sərgiləri həm Azərbaycanda, həm də Türkiyədə böyük coşqu ilə nümayiş olunub.
Azərbaycan klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və digərlərinin əsərlərinə istinad olunaraq çox mükəmməl çəkilmiş xəttatlıq nümunələri Azərbaycan rəssamlıq sənətində çox mühüm bir mərhələyə çevrildi. Rəssamın çəkdiyi əsərlərdə fəlsəfi, poetik, ruhani aləmlərin harmoniyasından yaranan mahiyyət ortalığa çıxıb.
Bu gün Gülümxan Qardaşxan oğlu Azərbaycana gələrək Bakının Qala qəsəbəsində yaşadığı öz evini muzeyə çevirib.
Gülümxan Qardaşxanoğlu ilə görüşən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin rəhbərliyi bu təşəbbüsü yüksək dəyərləndiriblər.
Xatıqladırıq ki, qədim sənət növlərindən biri xəttatlıq olub. Hələ çap maşınları icad olunmamışdan əvvəl mütəfəkkirlərin, alim və şairlərin əsərlərinin üzü xəttatlar tərəfindən köçürülərək yayılıb. Yazı mədəniyyətinin formalaşmasında xəttatların rolu olduqca böyükdür. Belə sənətin modern tətbiqi və milli çalarlardan istifadə olunmaqla klassiklərimizin hazırkı məqamda təbliği zəruridir. Bu baxımdan tanınmış rəssam Gülümxan Qardaşxanoğluya uğurlar diləyək.