Vüsal Quliyev: “Bəzi icitmai şuralarda bu sektora aidiyyatı olmayanlar var”

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı sonuncu respublika zona konfransı Bakı şəhərində keçirilib.

Konfransda çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev bildirib ki, keçrilən zona konfranslarının yekunu olaraq QHT-lər və ictimai şuralar öz fəaliyyətlərində dönüş yaratmalı, cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməli, qarşıya çıxan çatışmazlıqların aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməlidir.

V.Quliyev bildirib ki, İctimai Şuraların fəaliyyəti, əsasən, cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsindən, sağlam dialoqun qurulmasından, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasından ibarətdir və onların fəaliyyətində şəffaflığın, hesabatlılığın təmin edilməsi, təcrübəli QHT-lərin bu prosesə cəlb edilməsi vacib amildir.

Sektor müdiri ictimai şuraların yaradılması zamanı qanun pozuntuları ilə yanaşı, şəxsi münasibətlərə və mülahizələrə yol verildiyini vurğulayıb: “Bəzi hallarda biz ictimai şuraların tərkibinə baxarkən burada ictimai sektora – QHT-yə və ya, mediaya aidiyyatı olmayan şəxslərin təmsil olunduğunu görürük. Bu da istər-istəməz həmin şuraların fəaliyyətinə, effektivliyə mənfi təsirini göstərir. Bu tendensiyalar aradan qldırılmalıdır”.