Əmir Teymurun sevdiyi və ən çox güvəndiyi qadın kim olub? – FOTO

Əmir Teymurun ömrü imperiya qurmaq, müharibələr aparmaqla keçsə də, onun həyatında dərin iz buraxan bir qadın olub.

Üç qitəni işğal edən, bunu öz dövlətinin bayrağında əks etdirən əmirin tarixi mənbələrə görə 17 arvadı və xeyli sayda kənizi olub. Lakin bu hərəmin baş tacı Bibi xanım – Saray-mülk xanımı hesab olunurmuş.

Bibi xanımın Çingiz xan nəslindən, müdrik və gözəl qadın olduğu söylənilir. Onlar evlənərkən Əmir Teymurun 29, Bibi xanımın isə 24 yaşı olub. Həm də söylənilənlərə görə Bibi xanım o qədər müdrik və ağıllı olub ki, Əmir Teymurun ən yaxın məsləhətçisinə çevrilə bilib. Hərbi yürüşlərdən sonra Əmir Teymurun görüşünə gedə bilən tək qadın olub. Təsəvvür edin ki, orta əsrlərdə imperiya sahibinin məsləhətçisi bir qadın olsun. İmperatorun qanuni arvadı olsa belə, bu tarixi fakt inanılmaz görünsə də, əsl reallığı əks etdirir.

Üstəlik, nəzərə alsaq ki, Əmir Teymurun sevimli qadını ona övlad bəxş edə bilməyib, onun əmirin yanında bu qədər hörmətə malik olması ikiqat maraqlı görünür. Müdrik Bibi xanım özü övlad sahibi olmasa da, Əmir Teymurun övladlarını öz övladları kimi qəbul etmiş, onların tərbiyəsində bilavasitə iştirak etmişdir. Bu isə bir daha Əmir Teymurun bu qadına olan qeyd-şərtsiz güvənindən xəbər verir. Çünki əmir vəliəhdlərini övladı olmayan, sonsuz qadına etibar edir.

XIV əsrin sonunda Səmərqənd Əmir Teymurun yaratdığı nəhəng imperiyanın paytaxtına çevrilir. İmperiyanın dörd tərəfindən gətirilən usta və memarlar Səmərqəndi yenidən qurmağa, inşa etməyə başlayırlar.

Səmərqəndin gözəlliyi, tikililəri ilə dünyaya səs salması isə Əmir Teymurun əsas məqsədinə çevrilir. O, öz sevimli şəhərində saysız-hesabsız mədrəsələr, məscidlər, karvansaralar tikdirir, bağlar saldırır. Səmərqəndin tarixi-memarlıq abidələrinin tikintisində azərbaycanlı memar və ustaların böyük rolu olub. Belə ki, Teymurun işğalından sonra Naxçıvan və Təbrizdən olan ən yaxşı sənətkarlar Səmərqəndə gətirilir. Onlar da öz növbəsində Azərbaycan memarlıq üslubunu Asiya variantında canlandırmağa müvəffəq olurlar. Bunun bariz nümunəsi “Şahi Zinda” kompleksindəki tikililərdir. Amma bu barədə daha sonra danışacağıq.

Qayıdaq bütün dünyanı fəth edən Əmir Teymurun ürəyini fəth edən Bibi xanıma.

Səmərqənddə yerləşən monumental məscid Bibi xanımın adını daşıyır. Deyilənə görə Əmir Teymur bu məscidi sevimli xatunu Bibi xanımın şərəfinə, özü də onun sağlığında inşa  etdirir. Memarlıq kompleksi isə dörd tərəfdən bağ-bağça ilə əhatələnir. O dövr üçün belə monumental tikilini reallaşdırmaq, bu gün Marsa uçmaq qədər xərc tələb edirdi. Bütün çətinlikləri bir kənara qoyub təkcə Orta Asiyanın isti iqlimini nəzərə alsaq, bunun necə çətin iş olmasını anlaya bilərik.

Lakin heç bir çətinlik Əmir Teymurun sevimli xatununa edəcəyi bu hədiyyənin ərsə gəlməsinin qarşısına ala bilməzdi. Ən gözəl tikililərdən biri məhz onun üçün, Bibi xanımın şərəfinə tikilməli idi.

Tarixi mənbələr bu eşq hekayəsinin həm də çox maraqlı diplomatik tərəfinin olması barədə də məlumat verir.

Belə ki, Əmir Teymurun hakimiyyətə gəlməsində Bəlx döyüşü həlledici rol oynayır. Qələbədən sonra baş tutan Qurultay Teymuru indi Teymurilər dövləti adlandırılan Turanın ali əmiri seçərək ölkədə çoxdan gözlənilən sülh, sabitlik və asayişin bərqərar olması məsuliyyətini onun üzərinə qoyur.

Əmir Teymur döyüşdə öldürülən Bəlx hökmdarı Əmir Hüseynin əsir götürülmüş, dul arvadı Bibi xanımla evlənərək özünə yeni titul – “Quraqan”, yəni xanın kürəkəni fəxri adını qazandırır. Çünki Bibi xanım Çingiz xanın nəslindən, Çingizid Qazan xanın qızı idi.

Bu izdivacdan sonra Bibi xanım Saray-mülk xanımına çevrilir. Bibi xanımın sarayda böyük nüfuza malik olması barədə hələ də danışılır. Tarixi mənbələrdə Bibi xanımın bəzən Əmir Teymurla eyni ildə vəfat etməsi, bəzi mənbələrdə isə əmirdən bir neçə il sonra vəfatı göstərilir. Maraqlısı odur ki, Əmir Teymur Qur-Əmir kompleksində, Bibi xanım isə onun öz şərəfinə inşa olunmuş kompleksdəki mavzoleydə dəfn olunur. Özü də Bibi xanım vəsiyyətinə görə müsəlman kimi dəfn olunmamış, monqol adətinə görə mumiyalanaraq məqbərəyə yerləşdirilib. Onun məhz bu cür dəfni də bir daha sübut edir ki, Bibi xanım çox böyük nüfuza malik olmaqla yanaşı, həm də öz kökünü, dini etiqadını itirməyib. Ölümündən sonra belə əsl xatun kimi öz xalqının adətlərinə uyğun şəkildə dəfn olunub.

Əmir Teymurun uyuduğu məqbərə isə Qur-Əmir (Go’ri Amir) adlanır. Bu kompleks də Əmir Teymurun sifarişi ilə inşa olunub. 1403-cü ildə Osmanlı imperiyasına qarşı hərbi yürüşdən sonra Teymurun varisi Məhəmməd Sultan həlak olur. 1404-cü ilin payızında Səmərqəndə qayıdan Teymur nəvəsi üçün məqbərə tikdirməyi əmr edir və bu məqbərə Qur-Əmir ailəsinin türbəsinə çevrilir.  Məqbərə orta əsrlər Səmərqəndinin cənub-şərq hissəsində, Məhəmməd Sultanın mədrəsəsi və xanəkəsinin yanında tikilib.

Burada Əmir Teymur, onun müəllimi Mir Seyid Barakın və Teymur ailəsinin bəzi üzvlərinin – (Teymurilərin) məzarı yerləşir. Əmir Teymur isə öz vəsiyyətinə əsasən müəlliminin ayaqları altında dəfn olunub.

Qeyd edim ki, Əmir Teymur 18 Fevral 1405-ci il tarixində Çinə hərbi yürüşə gedərkən Otrar şəhərinin yaxınlığında 69 yaşında vəfat edir. Dərhal Səmərqəndə gətirilərək nəvəsi Xəlil Sultan tərəfindən dəfn olunur.

Bu isə artıq başqa bir hekayətdir.

Özbəkistana Turizm Agentliyinin təşkilatçılığı ilə getdiyim səfərdən xeyli sayda hekayələrlə qayıtmışam. Bir zamanlar Teymurilər, Turan imperiyasını yaradan Əmir Teymur, onun yaxınları barədə xeyli əfsanə və miflər var. Bir o qədər də tarixi faktlar mövcuddur. Bu tarixi faktlar isə bizə Türk dünyasının necə böyük sərkərdəyə malik olmasını öyrədir. Bu, həm də bizə özbək xalqı ilə xeyli sayda ortaq nöqtələrimiz olduğunu öyrədir: eyni kök – türk kökü, eyni dil – türk dili.

Özbəkistan elə bir diyardır ki, ora mütləq sizin könlünüzü fəth edəcək. İnsanları sizin Azərbaycandan gəldiyinizi bilən kimi öz doğması kimi yanaşacaqlar. Cənab Prezidentin Özbəkistana etdiyi rəsmi səfərdə qeyd etdiyi kimi Xarəzm tərəfinin danışdığı özbək dilini tam anlaya biləcəksiniz. Çünki bizim Azərbaycan türkcəsinə çox yaxındır.

Ümumiyyətlə, Daşkənddə küçə və prospektlərin Azərbaycanın dövlət bayraqları ilə bəzədilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə xeyli sayda bilbord və reklam lövhələrinin yerləşdirilməsi ayrı bir iftixar hissi yaratdı.

Cənab Prezidentin 10 il sonra Özbəkistana rəsmi səfəri isə iki xalqın bütün sahələrdə daha sıx əməkdaşlıq etməsinə, doğmalaşmasına zəmin yaradır.

Source link