Müsahibim musiqiləri dillər əzbəri olan bəstəkar Aynur Adil qızıdır.

Aynur xanım , oxuculara özünüz haqqında məlumat verin .Bəstəkarlığa açılan yolunuzu ,qəlbinizdə yaranan musiqi qığılcımlarını nə zaman hiss etdiniz,Necə oldu bu yolu seçdiniz?

-1976 cı ildə iyunun 13-də Bakı şəhərində doğulmuşam. Ailədə iki qız, bir oğlan olmuşuq.Bildiyiniz kimi bacım İlhamə Adilqızı da bəstəkardı sevilən musiqi əsərlərinin müəllifidir .Mən böyük olduğum üçün deyirəm o mənim davamçımdı. Anamın dediyinə görə 3yaşım olanda ailəmlə İran k/filmini izləməyə getmişik .Evə dönəndən sonra filmdəki musiqini zümzümə etdiyimi müşahidə ediblər. Bir qohumumuzun evində hətta pianoda ona bənzər musiqini ifa etmişəm.O zaman istedadıma heyran qalan ailəm məni musiqiçi kimi kəşf ediblər .Atam mənə piano aldıqdan sonra mənim musiqiyə olan həvəsimin daha da artdığını görüb , məni musiqi məktəbinə yazdırmaq qərarına gəliblər.
İlk olaraq uşaq musiqilərinin bəstəkarı kimi tanınan Oktay Zülfüqarovun Tumurcuq uşaq studiyasına yazdırıblar.Orada Oktay müəllimin qurduğu uşaq tamaşalarında mən də rol alırdım .Tamaşaçıların məktubu bizi daha da həvəsləndirirdi.Mənim ilk müəllimim Oktay Zülfüqarov olub söyləyə bilərəm. O həm müəllim kimi bizi çox sevir,hər birimizə doğmalıq göstərir ,əzizləyirdi. Danışdıqca sanki o illərə dönürəm .İndi arxaya dönüb baxanda keçdiyim musiqi yolu ilə fəxr edirəm. Həm də nə yaxşı o müəllimlərdən dərs almışam deyirəm.
7 yaşımdan isə Bülbül adına orta ixtisas musiqi məktəbində 11il təhsil almışam.
Təhsil aldığım müddətdə müxtəlif uşaq musiqi yarışlarına qatılmışam .”İstedadlar sorağında” verlişində iştirak etmişəm.
11illik təhsilimi bitirib fortepiano müəllimi ixtisası üzrə təhsil almışam.

Aynur xanım bu yerə kimi ailəniz sizi dəstəkləyir və qəlbinizdə kök salan istedadınıza qol qanad gəlirdilər. Ailə həyatı qurduqdan sonra necə ,eyni sevgiylə işinizə davam etməkdə çətinlik yaranmadı?

– Danışdıqca o illərə dönürəm sanki …düşünür Aynur xanım .
Ailə qurduqdan sonra 3il işimi kənara qoydum.Dünyanın ən gözəl hissini analıq hissini mənə yaşadan iki oğlum, bir qızım dünyaya gəlişiylə məni musiqidən uzaq saldı.Doğrudur, mənim əsl sənətim müəllimlik idi amma yaranan musiqilərin də önünü ala bilmirdim. Musiqi yazmağa başlayandan ilk zamanlarda həyat yoldaşım razı deyildi. Musiqilərim Röya Ayxan, Abbas Bağırov ,Elnarə Xəlilova ,Natavan Həbibi , Brilliant Dadaşova, Elton Hüseynəliyev, Nicat Cəfərzadəifa bir çox tanınmış müğənnilər tərəfindən sevilərək ifa olunduğunu və dillər əzbərinə çevrildiyini gördükdən sonra hər yerə mənimlə bərabər gedir ,studiyalarda saatlarla məni gözləyirdi. Özü də musiqiçi ailəsində doğulduğu üçün musiqi ona çox doğma olduğundan musiqiyə qadağalar olmadı. İndiyə kimi hər zaman ən böyük mənəvi dəstəyim elə həyat yoldaşımdır deyə bilərəm.

Əgər həyat yoldaşınız dəstək olmasaydı ,qadağalar qoysaydı necə olardı? Aynur xanım ruhunu sarmış , yaranacaq musiqiləri qəlbinəmi gömərdi yoxsa ailə həyatına son qoyardı?

-Təbii ki qadağa olsaydı mənim üçün çox çətin olardı. Yaradıcı bir insanı sıxmaq bülbülü qəfəsə salmaq kimidir. Mənən çox əziyyət çəkərdim, amma, hər zaman demişəm- ailəm mənim üçün hər şeydən ucadır.

Aynur Adilqızı musiqiləri adətən necə yaranır .Sizi nə vəcdə gətirir ,hansı hisslər bu qədər sevilən romantik musiqiləri yaratmağa şövq edir ?

– Sözlər mənə toxunmasa mən musiqi yaza bilmərəm . Elə sözlər var çox bəyənirəm , sevirəm istədiyim musiqini illər sonra yazıram.Elə sözlər var oxuduğum anda musiqi ilə ruhuma oradan da notlara köçür. Kompozisiyalar da yazmışam amma musiqiləri adətən sözdən ilhamlanaraq yazıram.
Hansı mövzuda şeirlər sizi daha çox ilhamlandırır,musiqi yazmağa məcbur edir?
-Əsasən nikbin sözləri çox sevirəm .Sonu xoşbəxtliyə səsləyən ,insanlarda sevgi hissini yaradan sözlər məni ruhlandırır. Ayrılıqdan yazılmış musiqiləri dinləyirəm amma özüm ayrılıq musiqiləri yazmağı xoşlamıram.

Bu günkü musiqimiz sizi qane edirmi ,gündəmi zəpt edən xarici ladlardan ibarət, trend musiqilər musiqimizə nə kimi zərər vurur?

– Hər ölkənin musiqisi ,milli mədəniyyəti var bu gün yazılan musiqilər təbii ki məni bir dinləyici kimi və peşəkar musiqiçi kimi narahat edir. Bizim milli musiqimizi iran ,fars ,hind musiqiləri ilə qarışdırıb musiqi adı altında qulaqları, zövqləri korlayırlar. Televiziyalarda da bu cür musiqilərin daha çox səslənməsi heç bəyənilən deyil. Günü -gündən artan belə musiqilər bir müddət sonra unudulur. Mən çalışıram yazdığım musiqilər mən dünyada olmayanda da yaşasın. Necə ki bizim dahi bəstəksrlarımız Arif Məlikov, C.Cahangirov, Ələkbər Tağıyev Tahir Əkbər musiqiləri illər keçsə də ,zaman dəyişsə də o əsərlər bütün dövr insanların dilində hər zaman yaşayacaq.

Bəstəkar olmaq üçün istedad önəmlidir yoxsa təhsil?

-İstedad mütləq olmalıdır ki təhsillə doğru istiqamətlənsin və daha savadlı musiqilər ərsəyə gəlsin. İstedad yoxdursa 100 il də təhsil alsan xalqın qəlbini oxşayan ,ruhunu dincəldən musiqi yazılmaz. Elə bəstəkarlarımız olub ki heç onların təhsili olmayıb . İstedad mütləqdir və daha vacibdir. Hətta onu da qeyd edim ki ,mənim musiqilərimi ifa edən neçə gənc bu gün özləri də gözəl ,çox sevilən musiqilərin müəllifləridir.Misal olaraq Pərviz Mahmudov,Elvin Abdullayev çox bəyəndiyim istedadlı bəstəçidirlər.
Aynur xanım vətənpərvər mövzularda da çox gözəl musiqiləriniz var. Vətən darda olanda siz də musiqilərinizlə bir əsgər olmağı bacardınız. Yazmaq istədiyiniz nələrsə qaldımı?
– Bəli ,Leyla xanım elə iki musiqi “Ey vətən” və “Gedirik Qarabağa” adlı sizin iki şeirinizə musiqi yazdım . Sevda Yahyayeva və Amina Şirinin ifasında digəri İntizar Məmmədzadə və Mətanət Bədəlovanın ifasında səsləndi.Daha sonra Murad Sadıx və Nicat Cəfərzadə bir vətənpərvər mahnımı ifa etdi. Çalışıram indi də davam etdirim. Daha gözəl layihələr həyata keçirmək də mümkündür sadəcə maddiyata bağlı olduğundan hələ ki layihələr kənarda qalıb.
Son 3 ildə ölkəmiz həm pandemiya ilə ,həm də düşmənlə mübarizə apardığı bir dövrdə hər iki mənada musiqiylə dəstəyimi əsirgəmədim. Pandemiya dövrü ruhdan düşmüş məzunlara “Son zəng ” mahnısı ilə dəstək olmağa çalışdıq. Sözləri Leyli Erola məxsus olan mahnını xalq artisti Brilliant Dadaşova ifa etdi. Mənimçün sevindirici haldır ki bu yaxınlarda Divan ədəbiyyatının banisi Mir Seyid Həmzə Nigarının yaradıcılıq gecəsi keçirilirdi. Əməkdar artist Elton Hüseynəliyevin ifasında Seyid Həmzə Nigarinin qəzəllərinə yazdığım musiqi əsəri səsləndi. Tamaşaçılar tərəfindən də rəğbətlə qarşılandı.
Neçə il əvvəl ölkəmizin birinci xanımı Mehriban xanıma həsr etdiyim Azərbaycan qadını mahnısı Elnur Məmmədlinin ifasında bu gün də çox sevilir.
* Aynur xanım, “İstedadlılar ” rublikamızda iştirakınız doğum gününüzə təsadüf etdi . Sizi doğum gününüz münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzu edərək,daim qəlbiniz musiqiylə döyünsün və ruhumuz o gözəl qəlbinizdən gələn nəğmələrlə qidalansın.Ailənizlə gözəl mənalı bir ömür diləyilə , övladlarınızın və nəvələrinizin xoş günlərini görmək nəsib olsun dəyərli bəstəkar xanım .Daim musiqilərinizlə zirvələrdə olun.
Səmimi söhbət üçün təşəkkür edirəm*
-Çox sağ olun, mən sizə təşəkkür edirəm diqqətə ayırdığınız üçün.

Dünyaxeber.org Leyla Mətin