Diasporla İş üzrə Dövlət Komitəsində genişləndirilmiş Kollegiya iclası keçirildi – FOTO

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) genişləndirilmiş Kollegiya iclası keçirilib.

Komitədən verilən məlumata görə, iclas Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunub.

Toplantını açıq elan edən Komitə sədri Fuad Muradov qurultayın yüksək səviyyədə təşkilində fəal iştiraklarına görə DİDK əməkdaşlarına təşəkkürünü bildirib.

Qeyd olunub ki, böyük siyasi məna və əhəmiyyət daşıyan Zəfər qurultayında Azərbaycan Prezidentinin tarixi çıxışı təkcə xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında deyil, bütün dünyada böyük əks-səda doğurub. Dövlət başçısı öz çıxışında Azərbaycan diaspor təşkilatlarının indiyədək keçdiyi yola qiymət verib və post-müharibə dövründə diasporun qarşısında duran hədəfləri aydın şəkildə göstərib. Bura ilk növbədə xaricdə yaşayan uşaq və gənc soydaşlarımızın milli-mənəvi dəyərlərə bağlı ruhda böyüməsi məqsədilə həftəsonu Azərbaycan məktəblərinin və Azərbaycan evlərinin sayının artırılması daxildir.

DİDK-nın sədr müavinlərinin, şöbə müdirlərinin və Azərbaycan Diasporuna Dəstək Fondu rəhbərliyinin hesabatları dinlənildikdən sonra çıxışlar ətrafında müzakirələr olub, Komitənin qarşısında duran vəzifələrlə bağlı müxtəlif təkliflər səsləndirilib. Qeyd olunub ki, digər dövlət qurumları ilə əməkdaşlıq daha da dərinləşdirilməli, xaricdə yaşayan soydaşlarımızın, eləcə də əcnəbi siyasətçi, politoloq, jurnalist və bloqerlərin ölkəmizə səfərlərinin təşkili davam etdirilməlidir.

Cari məsələlərin müzakirəsi ilə DİDK-nın Kollegiya iclası başa çatıb.