Tağızadə Rəfail Alı oğluŞair, publisist, tərcüməçi 11 fevral 1958-ci ildə Ağdamda doğulub.
Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) təhsil alıb.
Müxtəlif vəzifələrdə çalışıb.
Azərbaycan Milli Ordusunda ön cəbhədə zabit kimi qulluq edib. Ordu Birləşməsi Komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri Fərmanlarla, gecə döyüşünün təşkilinə görə qol saatı və müxtəlif hədiyyələrlə təltif olunub.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
“Qapı”(2004) və “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013), “Su üzərində bahar” (2019) şeir kitablarının müəllifidir.
Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” kitabını tərtib edəni və redaktorudur.
Çağdaş dünya ədəbiyyatını, xüsusi ilə polyak şairlərinin şeirlərini dilimizə tərcümə edir.
“Qəfil görüş” çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir.
Polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” kitabını hazırlayıb.
Çoxlu sayda kitabların redaktorudur. (Əsasən şeir, müharibə və şəhidlərlə bağlı kitabların).
“Şəhid qardaşlar” kitabı üzərində işləyir.
Esse və publisistik yazılarından ibarət kitabı çapa hazırlanır.
Azərbaycan Və İctimai Radiolarda Qarabağla bağlı esse və publisistik yazılarından ibarət kompozisiyalar hazırlanıb.
Beynəlxalq Rəsul Rza mükafatı laureatıdır (2006). (“Qarabağ Qazisi haqqında ballada” poemasına görə).
Prezident təqaüdçüsüdür (2011).
“Şopenin ürəyi” poemasına və dahi bəstəkar Şopenin 200 illik yubileyi ilə əlaqədar Şopenin Azərbaycanda təbliğinə görə Polşanın Mədəniyyət və Mədəni İrs naziri tərəfindən xüsusi Diploma layiq görülüb.
Ədəbiyyat üzrə Nobel Mükafatçısı Çeslov Miloşun Polşada keçirilən 100 illik tədbirində Azərbaycanı təmsil edib.
“Mədəniyyətlərin Dialoqu və İnteqrasiyası Mərkəzi” İB-nin sədridir.
“Ədəbi ovqat” dərgisinin təsisçisidir.
Şeirləri ingilis, polyak, italyan, alman, rus, özbək dillərinə və Anadolu türkcəsinə çevrilib.