Atatürk Azərbaycan naminə türk torpağından necə vaz keçdi? – FOTO


Qan Turalı yazır…

Böyük zəfərdən sonra ən çox işlətdiyimiz toponim heç şübhəsiz ki, Zəngəzurdur. Hələ müharibənin gedişatında (4 oktyabr 2020) MHP lideri Bahçeli belə bir açıqlama vermişdi: “Naxçıvan Muxtar Respublikasının Azərbaycana birləşməsi şərtdir, tarixi zərurətdir və günün tələbidir”. 10 Noyabr bəyanatının son bəndində Ermənistanın Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinə zəmanət verdiyi qeyd olunurdu. Ancaq Zəfər Günü 10 noyabrda təsis edilsə də, görünməmiş bir əhvalat baş verdi, fərman geri oxundu.10 noyabr Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölüm günü idi.

Və məqaləmiz də mövcud xəritənin formalaşmasında Atatürkün oynadığı misilsiz roldan bəhs edir. Bunun üçün bir az tarixə nəzər salaq.  Məlum olduğu kimi Naxçıvan digər Şimali Azərbaycan torpaqları kimi Türkmənçaydan sonra Rusiya imperiyasının tərkibinə qatılmışdı. İmperiyanın süqutundan sonra  Naxçıvanı çox ağır günlər, aylar gözləyirdi. 1918-ci ilin noyabrında Naxçıvanda Araz Türk Respublikası təsis edildi. Mərkəzi İğdır olan respublikanın əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə qatılmaq idi.

İngilislərin dəstəklədiyi ermənilər Naxçıvanı işğal etmək istəyir, qırğınlar törədirdilər. Türklərin əfsanəvi komandiri Kazım Qarabəkir paşanın ordusu Naxçıvana daxil olduqdan sonra vəziyyət nisbətən sabitləşdi. Ancaq Mudros müqaviləsindən sonra Türkiyə, daha doğrusu Osmanlı Naxçıvandan öz qoşunlarını çıxarmağa məcbur oldu. Yaranan yeni vəziyyətdə xalq cümhuriyyətinin dəstəklədiyi Naxçıvan Milli Komitəsi daşnakları qovub-çıxartdı.

1921-ci ildə Türkiyə ilə Rusiyanın sərhədlərini müəyyən edən Moskva müqaviləsi imzalandı. Qars və Ərdahan Türkiyəyə verildi, Batumi isə Gürcüstana qaldı. Müqavilənin III bəndində isə Naxçıvanın Azərbaycan tərkibində muxtar respublika kimi qalması razılaşdırıldı. Atatürk müqavilə üçün danışıqları aparan heyətə belə tapşırıq vermişdi: “Naxçıvan Türk qapısıdır. Bu məqamı nəzərə alaraq əlinizdən gələni edin”. Bu müqavilə ilə milli istiqlal mübarizəsinə hazırlaşan Türkiyə Rusiyadan hərbi yardım alacaqdı, lakin bu vəziyyətdə belə Atatürk Naxçıvan məsələsində qətiyyət göstərdi. Beləliklə, Naxçıvan Azərbaycan SSR-nin tərkibində qaldı. 1921-ci ilin payızında imzalanan Qars müqaviləsi ilə hər üç Qafqaz respublikası Moskva müqaviləsinin şərtlərini tanıdı.

Ermənilərin Qarabağ və Zəngəzura da iddiaları vardı, Paşinyanın məşhur “Kokeyşn buro”su (Qafqaz bürosu) Qarabağı Ermənistana versə də, Nərimanovun sərt etirazı nəticəsində qərar dəyişdirildi. Zəngəzur isə Ermənistana verildi… Bununla da Azərbaycan Naxçıvanla birbaşa quru əlaqəsini itirdi.

Məsələnin digər bir xüsusiyyəti vardı. Belə ki, Naxçıvanın Türkiyə ilə də sərhədi yox idi. Hazırkı sərhəd bölgəsi İran ərazisi idi. Ancaq Atatürk son həmləsini etməyə hazırlaşırdı. 1932-ci ildə Ankarada imzalanan müqavilə ilə İran və Türkiyənin sərhədləri müəyyən olundu. Atatürkün qətiyyəti ilə İran Naxçıvanla sərhəd olan ərazini Türkiyəyə verdi. Həmin ərazinin əvəzində Türkiyənin Vanın bir hissəsi İrana güzəştə gedildi (Tarixin amansız ironiyasına baxın: Səfəvi şahı ilə Osmanlı sultanı arasındakı baş verən Çaldıran ovalığı Türkiyənin verdiyi və aldığı iki ərazinin arasında yerləşir). Bununla da Türkiyə ilə Naxçıvan sərhədi yarandı. Bəli, o sərhədin açılmasına hələ 60 il vardı. Əsas o idi ki, artıq sərhəd özlüyündə mövcud idi. 1992-ci ildə “Ümid körpü”sü ilə Naxçıvanın Türkiyə ilə əlaqəsi yarandı.

İndi isə Zəngəzur vasitəsi ilə Azərbaycan Türkiyəyə qovuşacaq. Naxçıvanı Azərbaycan tabeçiliyinə vermək, ardınca onun Türkiyə ilə sərhədini yaratmaqla Atatürk yüz il sonra bəhrəsini verəcək möhtəşəm bir akta imza atdı. Böyük liderlərin işıqlı əməlləri yüz il keçsə belə, gözləri qamaşdırır. O elə buna görə Atatürkdür… Dahi Atatürk

Source link