Şirvan İcra Hakimiyyətinin rüşvət alan sabiq idarə müdirinə HÖKM OXUNUB

Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinin müdiri Eyyub Gülməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

dunyaxeber.org APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Gülməmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Eyyub Gülməmmədov barəsində vətəndaşın şikayəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanıb.

Eyyub Gülməmmədov Şirvan şəhəri, Nizami küçəsində yerləşən yataqxananın 35 kv.m sahəsi olan 2 otaqdan ibarət hissəsini vətəndaşın adına sənədləşdirmək üçün 3000 manat alıb. Şəxsi avtomobilində pulu alarkən cinayət başında yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Eyyub Gülməmmədov tərəfindən qeyd edilən cinayət əməlinin törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.