“Burnumuza sayğac qoyub, aldığımız nəfəsə də qiymət təyin edəcəklər” – ETİRAZ

Dünən səhər saatlarında çörək almaq üçün market, mağazalara gedənlər bir neçə gün öncədən verilən bədbin proqnozla artıq qarşılaşdılar – çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə qaldırıldı. Belə ki, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti isə 65 qəpik olub. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən süni qiymət artımlarına qarşı tədbirlər görüldüyü, bu barədə müəyyən xəbərdarlıqlar edilsə də, bu, sadəcə bir ifadə olaraq qalır. Reallıq isə fərqlidir. Bəzi iri mağazaların çörək vitrinlərinin səhər saatlarında dolu olduğunu tez-tez müşahidə etsək də, bu səhər həmin vitrinlərdə ənənəvi haldan çox daha az çörək olduğu müşahidə edilir.
DİA.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Bizimyol.info saytının sosial sorğusunda iştirak edən sakinlərdən biri bildirib ki, çörəyin qiymətini artırmaq bıçağı sümüyə dirəməkdir: “Suyun, qazın, benzinin qiymətini artırdılar. Ardınca da çörəyin qiymətini 55% faiz qaldırdılar. Elə bil ki, əvvəlki artımlar bir nəbz yoxlaması idi ki, görək hələ insanların bu artımlara münasibəti necə olacaq? Gördülər hamı başını salıb aşağı, səs çıxaran yoxdu, çörəyin də qiymətini qaldırdılar. İnsanı çörəklə sınamazlar, çörəklə imtahana çəkməzlər. Ölkələr var ki, orda çörək oğurlayana cəza verilmir, çünki çörək bir insanın oğurlayacağı ən sonuncu şeydir və oğurlayırsa, deməli, məcbur qalıb. Bir vaxt Azərbaycanda yaşlı bir qadın mağazaların birindən çörək oğurlamışdı, onun şəklini çəkib qapıya vurmuşdular ki, çörək oğrusudur, görən xəbər etsin. İndi çörək oğruları yaşlı qadın yox, oğurluğunu hansısa “iqtisadi əsaslar”a istinad edən qalstuklu cibgirlərdir.
Dünyada baş verən bahalaşmaya dayanaraq, çörəyin qiymətini qaldırırsansa, onda nə əcəb neftin qiyməti qalxan ərəfələrdə, ölkədə məhsullara endirimlər etmirdin? Neft ölkəsisən də. Neftə alternativ gömrük gəlirlərin var. Neftin bitsə, təkcə gömrükdən gələn gəlir Azərbaycan xalqını neçə il desən, dolandırar. Gömrükdə malın qiymətini qatlayıb, vururlar iki qatına, neftin, qazın gəlirləri oliqarx övladlarının qollarında milyonluq saatlara çevrilir, vərəqi üzündən oxuya bilməyən savadsız oliqarx məmurlar har vurub, harman sovururlar, onlara səs çıxaran yoxdu. Amma soruşanda ki, çörəyin qiymətini niyə artırırsan? Deyir ki, çünki dünyada bahalaşma başlayıb, ona görə. Sən özünü dünya dövlətləri ilə müqayisə edirsənsə, başla parlamentindən, nazirlərindən, qanunvericiliyindən müqayisə etməyə. İllərdir camaatın “uşaq pulu” deməkdən ta boğazı quruyub. Bu il pensiyalar, əməkhaqları artırılanda, uşağından böyüyünə hamı bilirdi ki, altından nəsə bir sürpriz çıxacaq. Bu da bizim “podarka”mız. Yəqin 2023-də də burnumuza sayğac qoyub, aldığımız nəfəsə qiymət təyin edəcəklər”.DİA.AZ-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirib ki, bu cür xoşagəlməz halların səbəbini cəmiyyətdə yox, qanunlarda axtarmaq lazımdır: “Həyatda, cəmiyyətdə belə məsələlərin kökünü qanunlarda axtarmaq lazımdır. Çünki cəmiyyəti insanlar yox, qanunlar edir. İstehlakçıların hüquqlarının müdafiəsi barədə qanun 1995-ci ildə qəbul olunub, yeddi dəfə dəyişiklik aparılıb bunların hamısı da istehlakçının zərərinə olub. Ölkə Prezidenti bütün iqtisadi yığıncaqlarda deyir: “Ölkədə antiinhisarçılıq var, ölkədə karter sövdələşmələri var, bunlar hamısı ləğv olunmalı, qurtarılmalıdır”. Amma gəlin görək, bu işə nəzarət edən dövlət qurumu həmin işlərə nəzarəti düzgün yerinə yetirirmi? 10 ildən çoxdur ki, ölkədə Antiinhisar məcəlləsi qəbul olunmur – bu, işin qanuni tərəfi. Yəni dövlətin vəzifəsi odur ki, belə hallarda bazarda elə bir şərait, anti-monopoliya yaratsın ki, bazar oyunçuları çoxalsın, qiymət aşağı düşsün və keyfiyyət də qalxsın. Lakin biz görürük ki, əslində belə deyil. Üstəlik dünya bazarında və qonşu ölkədə dəfələrlə buğdanın qiyməti artıb, bu da güya dünya bazarına inteqrasiya olunmuş Azərbaycan bazarında öz əksini tapır. Ona görə buna “güya” deyirəm ki, dünya bazarında malın qiyməti aşağı düşəndə, Azərbaycan bazarı ona reaksiya vermir. Lakin elə ki, malın qiyməti qalxır, buna hər kəsdən tez reaksiya verir. Ona görə də, biz qiymətlərin bazar qanunları əsasında yox, insan qrupları tərəfindən təyin olunduğunu müşahidə edirik. Belə bir vəziyyətdə əlbəttə ki, sosial çörək istehsalçıları bir “qırmızı xətt”in üstündə idilər. Çünki dövlət orqanları qeyri-qanuni olaraq qiymətlərə nəzarət edirdi. Halbuki, azad bazarda dövlət orqanları qiymətə nəzarət etməməlidir. İstehsalçılar həmin “qırmızı xətt”in üzərində qiymətləri güclə saxlayırdılar. İndi düny bazarında qiymətlər qalxdığı üçün onlar ya qırmızı xətt”in üzərinə yıxılmalıdırlar, ya bağlanmalıdırlar, ya keçməlidirlər qiyməti sərbəst olan çörəklərə, ya da qiyməti qaldırıb, keyfiyyəti aşağı salmalıdırlar. Bu proses də hal-hzırda gedir. Ona görə deyirəm ki, bu, təbiidir. Düşünürəm ki, dövlət “sosial çörək” deyilən bu sahə ilə məşğul olan biznesmenlərə marketlərdə dəstək verməlidir. Marketlər bütün mallar üçün, o cümlədən də zavod çörəkləri üçün taxçaları pulla satır. Hər satış dövriyyəsindən gələn gəlirdən də istehsalçıdan geri müəyyən bonus tələb edir. Marketlər bu bonuslardan əl çəksin, taxçaları çörək istehsalçılarına satmaqdan imtin etsinlər. Onda qiymət aşağı düşər, nisbətən sabit qala bilər. Lakin bilməliyik ki, ölkədə bir dəfə qalxan qiymət, bir daha enmir.

Antiinhisar Birliyinin isə istehsalçılara, satıcılara xəbərdarlıq etmək ixtiyarı yoxdur. Azad bazar hara, qiymətin dövlət tərəfindən tənzimlənməsi hara. Ümumiyyətlə, İqtisadiyyat Nazirliyinin “süni qiymət artımı” sözü gülüncdür. Süni qiymət artımı barədə Nazirlər Kabinetinin hər hansısa qərarı olar və məsələn, bildirlər ki, filan çörəyin maksimal qiyməti budur. O qiyməti keçənə də deyilər: “ Sən Nazirlər Kabinetinin qərarını pozmusan və süni qiymət artımı etmisən”. Ortalıqda belə bir qanun, sənəd yoxdur. Buna görə də Antiinhisar birliyi İqtisadiyyat Nazirliyinin tərkibindən qopmalı, müstəqil,əsl istehsalçı hüquqlarını qoruyan quruma çevrilməlidir”.