Azərbaycan qazına görə qalmaqal: Pavlov Pavlovu ittiham edir – “O MÜQAVİLƏ BARƏDƏ AÇIQ-AŞKAR YALAN DANIŞIR…”

Bolqarıstanda ildə 1 milyard kubmetr Azərbaycan qazının bu ölkəyə təchizatına dair 2013-cü ildə bağlanmış müqavilədən “kommersiya sirlərinin sızdırılması” ətrafında qalmaqal davam edir. virtualaz.org xəbər verir ki, bundan əvvəl həmin müqavilənin tərəflərindən biri-dövlət qaz təchizatı şirkəti “Bulgargaz” ölkənin xüsusi xidmət orqanlarına məktub göndərərək müqaviləyə dair məxfi informasiyaların sızdırıldığını, nəticədə Azərbaycan tərəfinin bundan bərk qəzəbləndiyini və müqaviləni poza biləcəyini bildirmişdi. Məktubda həmin informasiyaları sızdıranların araşdırılması xahiş olunurdu. “Bulgargaz” bildirirdi ki, məxfi informasiya Bolqarıstan Qaz Assosiasiyası adlı təşkilatın sosial media hesabında yayılıb. Bolqar mətbuatı həmin Assosiasiyanın rəhbərliyində Rusiyanın “Qazprom” şirkəti ilə ortaq maraqları olan adamların yer aldığını yazırdı.

“Novinite” nəşrinin yazdığına görə Bolqarıstan Qaz Assosiasiyasından bu ittihama cavab olaraq “Bulgargaz” şirkətinin rəhbərliyinin ölkənin energetika sektorunda xaos yaratdığını, eyni zamanda Bolqarıstan şirkətlərinin beynəlxalq bazarlardakı imicinə zərbə vurduğunu deyiblər. Bu haqda Assosiasiyanın rəhbəri Plamen Pavlov Bolqarıstan milli radiosunun efirində yayımlanan “olduqca tənqidi” müsahibəsində danışıb.

Bildirilir ki, Plamen Pavlovla “Bulgargaz” rəhbəri Nikolay Pavlov arasında aşkar münaqişə yaranıb.

Plamen Pavlov Azərbaycanla bağlanmış müqaviləni əldə etdiklərini inkar etməyib, amma orada hər hansı məxfi informasiya olmadığını da bildirib. Təşkilat rəhbəri deyib ki, həmin razılaşmanın mətni Rumıniya və Yunanıstanın da sərəncamında var, habelə razılaşma Avropa Komissiyasına təqdim edilmişdi. “Bu müqavilədə məxfi heç nə yoxdur”, – o deyib.

Plamen Pavlovun dediyinə görə, “Bulgargaz” bu müqavilə haqda “yalan informasiyalar” yayıb, kommersiya sirləri barədə sui-istifadəyə yol verib və əsassız iddialar irəli sürüb.

“”Bulgargaz” Azərbaycanla razılaşmanın bəndlərini təhrif etmir, həmin bəndlər barədə açıq-aşkar yalan danışır”, – Pavlov bildirib. Amma o dediklərini arqumentləşdirməkdən imtina edib.

Nəşr qeyd edir ki, görünür Pavlov “Bulgargaz” şirkətinin Azərbaycandan 1 milyard kubmetr ucuz qaz almaq üçün hazırkı infrastrukturun kifayət etmədiyi haqda dəfələrlə verdiyi açıqlamaları nəzərdə tutur. Hansı ki, Energetika Nazirliyinin iki komissiyası Bolqarıstanın istəsə Yunanıstanla Bolqarıstan arasındakı indiki qaz kəməri vasitəsilə Azərbaycan qazını tam həcmdə əldə edə biləcəyi qənaətinə gəlib.

Bu arada Bolqarıstanın energetika naziri Aleksandr Nikolov ölkənin milli televiziyasına müsahibəsində deyib ki, Yunanıstan-Bolqarıstan yeni qaz kəmərinin tikintisi sürətləndiriləcək. Onun sözlərinə görə, hökumət tikintini iyul ayına qədər yekunlaşdırmaq istəyir. Nazir eyham edib ki, qaz kəmərinin çəkilməsinin ləngiməsinin arxasında “iqtisadi maraqlar” dayanır.

Yunanıstan-Bolqarıstan qaz kəmərinin tikintisinin ləngiməsi səbəbindən Bolqarıstan Azərbaycandan 1 milyard kubmetr qazın hamısını ala bilmir. IGB qaz kəməri layihəsi 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş ICGB AD şirkəti tərəfindən həyata keçirilir. Bu şirkətin səhmdarları hərəsi 50 faiz paya malik olmaqla BEH EAD və IGI Poseidon şirkətləridir.

virtualaz.org