Nazir Gəncədə erməni terroru nəticəsində zərər çəkən şəxslərin yaxınlarını ziyarət edib – FOTO


Gəncə şəhərində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevlə birgə ümummilli lider Heydər Əliyevin  Gəncə şəhərindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad edib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Ermənistanın 2020-ci il oktyabrın 11-də növbəti müharibə cinayəti törədərək, müharibə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binasını ağır artilleriya silahlarından atəşə tutmasından bir il ötür.
S.Babayev Ermənistanın insanlığa qarşı dəhşətli cinayəti olan həmin terror aktı nəticəsində dağılmış ərazidə olub. Qanlı erməni terroru zamanı şəhid olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, ərazidəki dağılmış yaşayış binasının ətrafına gül dəstələri qoyulub.
Nazir bir il əvvəl Gəncədə erməni terroru nəticəsində on aylıqkən şəhid olan Narın Xalıqovanın yaxınları və erməni terroru zamanı hər iki valdeyni, digər bir neçə qohumu şəhid olmuş 3 yaşlı Nilay Əliyeva, onun birgə yaşadığı qohumları ilə görüşüb. O, hər iki ailəni evlərində ziyarət edərək sosial vəziyyətləri ilə maraqlanıb. S.Babayev həmin ailələrin sosial müdafiəsi istiqamətində müvafiq işlərin görüldüyünü, bundan sonra da onların yaşayışının diqqətdə saxlanacağını bildirib.

Vətən müharibəsindən sonra geniş miqyaslı sosial dəstək işləri erməni terrorundan zərər çəkən vətəndaşları da əhatə edir.

Postmüharibə dövrünə uyğun olaraq müvafiq qaydalarda dəyişiklik  edilməklə şəhid statusu Gəncə və Naftalan şəhərlərində, Bərdə rayonunda erməni terroru nəticəsində həlak olmuş mülki şəxslərimizə də aid edilib. Bütün mülki şəhidlərimizin ailələrinin sosial müdafiəsi tədbirləri, şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlərlə təminatı həyata keçirilir.

Source link