Azərbaycan şəhidlərinin Bişkekdə Anım mərasimi keçirilib

Bişkek (Golden Bridge News – Hökümə Xəlilova, Ramiz Məşədihəsənli). Qırğızıstanda fəaliyyət göstərən Azəri ictimai Birliyinin təşəbbüsilə Bişkekdəki İmam Əli məscidində 2-ci Qarabağ savaşı və torpaqlarımızın erməni işğalçılardan azad olunması uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Azəri İctimai Birliyinin sədri, Qırğızıstan Xalqları Məclisinin sədr müavini və Respublikanın əməkdar hüquqçusu Əzizağa Əliyev açaraq, Vətən müharibəsində qəhrəmancasına döyüşərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olan sentyabrın 27-sinin ölkəmizdə Anım Günü kimi qeyd olunduğundan, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqdan, Ali Baş Komandan, dünya Azərbaycanlılarının prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə olunan qələbədən danışıb. O, ermənilərin 30 il müddətində Azərbaycan torpaqlarında daşı-daş üstə qoymadığını, törətdikləri vandallığı, vəhşilikləri qeyd edərək ərazilərimizin şəhidlərimizin qanı bahasına azad edildiyini bildirib və 44 gündə müzəffər ordumuz qarşısında erməniləri diz çökdürərək təslim aktına imza atdırıldığını deyib. Sonra Türkel medya qrupunun baş redakru Ramiz Məşədihəsənli, ehtiyyatda olan milis polkovniki Mehman Əliyev, 2-ci Qarabağ müharibəsinin əhəmiyyətindən danışıb, Vətənsevərlik savaşında dost, qardaş Türkiyə və Pakistan dövlətlərinin siyasi və mənəvi dəstəyini qeyd ediblər. Anım mərasiminə qatılan Qırğızıstan Xalqları Məclisi tərkibində fəaliyyət göstərən Ahıskalı türklər, Tacik, Uygur, Əfqan cəmiyyətlərinin sədrləri çıxış edərək hər zaman Azərbaycan xalqının haqlı mübarizəsini dəstəklədiklərini bildirərək, şəhidlərə rəhmət, yaralılara şəfa diləyiblər. Tədbirdə eyni zamanda Türkel medya qrupunun prezidenti, Türksoy mükafatı laureatı Hökümə Xəlilova Məmməd Arazın vətənə həsr olunmuş şerlərindən parçalar söyləyərək, harada yaşamasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbinin 44 günlük vətən müharibəsi ilə döyündüyünü bildirib və bütün soydaşlarımız kimi o, da qələbə sevincini yaşadığını deyib. Anma mərasiminin sonunda şəhidlərə ehsan verilib, Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağı bir daha vurğulanıb və müqəddəs ruhlarına dualar oxunub.