Totalitar rejimin cinayətləri

Hazırda üzərində çalışdığım bu mövzudan kiçik bir hissəsini təqdim edirəm. Azərbaycanın repressiya tarixini sakit şəkildə oxumaq, tədqiq etmək çətindir. Tacir ailəsində dünyaya göz açan Salman Mümtaz öz şüurlu həyatını, intellektini, hətta maddi resurslarını Azərbaycan elminə, ədəbiyyatına həsr etsə də, sonda görün, hansı aqibətlə üzləşir.
1937-ci ilin qanlı repressiya burulğanı bu ziyalı insandan da yan keçmədi. Onu “Bakinskiy raboçi” qəzetində nəşr olunan məqalələrində buraxdığı “ideloji səhvlərini” əsas göstərərək pantürkizm və millətçilikdə ittiham edirlər. “Xalq düşməni” damğası vurulan Salman Mümtaz tutduğu vəzifələrdən azad edilir və 8 oktyabr 1937-ci ildə Bakıdakı evində siyasi düşmən kimi həbs olunaraq, ağır işgəncələrə məruz qalır.
Həbs olunan zaman topladığı 270-ə yaxın əlyazma məhv edilir. Məhkəmədə əks-inqilabi millətçi təşkilata üzv olduğunu sübut etmək üçün B. Çobanzadə, Ə.Qubaydullin, R.Axundov və başqaları ilə qarşıdurmalar yaransa da, o, millətçi mövqedə olmadığını bildirir. Salman Mümtaz 10 il müddətinə azadlıqdan məhrum edilərək Rusiyanın Oryol vilayətinə sürgün olunur. 1941-ci ilin sentyabrında Oryol şəhəri yaxınlığında Medvedski meşəsində güllələnir.
Tədqiqatçı alim Nəsiman Yaqublu “Ağrılı ömürlər” (Bakı, Yazıçı, 1990. səh. 121.) kitabında Salman Mümtazla bağlı maraqlı məqamlara aydınlıq gətirib. Müəllif yazırdı: Salman Mümtazın qızı Şəhla Mümtazzadə atasına baş çəkmək üçün 1938-ci ildə həbsxanaya gəlir. O, atasını görəndə dəhşətdən özünü itirir. Salman Mümtazın bütün dişləri tökülmüşdü, üz-gözündə şiş, göy vardı.
Digər bir mənbədə göstərlir. Osman Mirzəyevin tərtibatında çap olunan “Ağ ləkələr” kitabında (Bakı, 1991, səh. 93) yazırdı: “Salman Mümtazın qızı xatırlayır ki, atamla ailəsi ilə 15 dəqiqəlik görüş verdilər. Həmin görüşdə atam danışırdı ki, professor Çobanzadə və Qbeydulinin yalanlarına şahidlik edib üzümə durublar. Qbeydulina çox yaxşılığı keçmiş Salman Mümtaz professoru məzəmmət edir. Qbeydulin ona sarı atılıb kədərli bir səslə “məcburam Salman, məcbur eləyirlər, bacarmıram. Sonra nəzarətçilər professorun başına, ağzına təpiklə vuraraq, onu sürüyə-sürüyə aparırlar”.
Mərhum folklorşünas alim, professor Azad Nəbiyev Salman Mümtazın irsi ilə bağlı acı bir həqiqətə toxunmuşdur: “ S. Mümtaz ömrünün əmn gözəl çağlarında, elmi və ictimai fəaliyyətinin genişləndiyi dövrdə repressiyaya məruz qalmış, onun arxivi, zəngin kitabxanası tonqallarda yandırılmışdır. Nəşr etdirdiyi əsərlərlərin bir qismi də sonradan müxtəlif müəlliflərlər tərəfdən mənimsənilmişdir”. ( Azad Nəbiyev “Folklor irsinə qayıdış”, “El şairləri” Bakı, 2005, səh. 3.)
Əkrəm Bəydəmirli