Azərbaycan və Türkiyə arasında idman könüllülüyü mövzusunda onlayn beynəlxalq konfrans keçirilib – FOTO

 

Türkiyənin “Gençlik ve Spor Gönüllüleri Derneyi” və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə “Türkiyə və Azərbaycanda idman könüllülüyü” mövzusunda onlayn konfrans baş tutub.

500-ə yaxın iştirakçının qoşulduğu görüşdə hər iki ölkəni təmsil edən könüllülər, eləcə də könüllülük sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak edib. Türkiyənin “Gençlik ve Spor Gönüllüleri Derneyi”nin sədri Şenol Güneş, Türkiyə Atletizm Federasiyasının prezidenti Fatih Çintimar, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri və Formula 1 üzrə Azərbaycan Qran-Prisi könüllülərinin koordinatoru Tural Hümbətov, Beynəlxalq Olimpiya Akademiyası – Avro 2020 Tamaşaçı xidmətləri supervayzeri Fatimə Əhmədova, Azərbaycan Futbol Federasiyası və Avro 2020 könüllüləri koordinatoru Yusif Vəliyev konfransa dəvət olunan qonaqlar sırasında yer alıblar.

Konfransda tərəflər “Gənclik və İdman Könüllüləri Dərnəyinin fəaliyyətləri”, “2023 Avropa Atletizm Çempionatına hazırlıqlar”, “Türkiyə və Azərbaycanda könüllülük fəaliyyətləri”, “Azərbaycanda idman könüllülüyü – Formula 1 və Avro 2020 könüllülük proqramları”, “Azərbaycanda könüllülük və karyera imkanları” mövzularında müzakirələr aparıb və müvafiq sahələr üzrə öz təcrübələrini bölüşüblər. Qeyd olunan mövzulardan əlavə təmsilçilər öz ölkələrində könüllülük hərəkatının müxtəlif istiqamətləri, həyata keçirilən tədbir və layihələr haqqında məlumat veriblər.

Konfrans könüllülük sahəsində beynəlxalq əməkdaşlıq, əlaqələrin inkişaf etdirilməsi və bu əlaqələrin perspektivləri haqqında müzakirələr, eləcə də iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Source link