Azərbaycanda küçədə tapılan körpə Şəhidlər xiyabanına atılıbmış – YENİLƏNİB + FOTO


Daxili İşlər Nazirliyi Ağcabədi rayonunda küçəyə atılan körpə barədə məsələyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsindəki Şəhidlər xiyabanının ərazisində yeni doğulmuş uşaq tapılıb:

“Uşaq Rayon Mərkəzi Xəstəxanasına təhvil verilib. Faktla bağlı hazırda Ağcabədi Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır”.

15:12

“Ağcabədi rayonunda küçəyə atılan körpə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir”.

Bunu  açıqlamasında qurumun mətbuat katibi Teymur Mərdanoğlu bildirib.

O qeyd edib ki, körpə barədə lazımi tədbirlər görülür:

“Valideynlərinin tapılması ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır”.

13:54

“Ağcabədi rayonunda küçəyə atılan körpənin vəziyyəti yaxşıdır”.

Bu barədə  Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından verilən açıqlamada bildirilib.

“Yenidoğulmuş uşaq oğlandır. Göbəyi bağlanmamış vəziyyətdə olub. Uşaq təcili yardım maşını ilə gətirilərək xəstəxanaya yerləşdirilib. Vəziyyəti kafidir. Göbəyi bağlanıb”, – xəstəxanadan bildirilib.

İlhamə Əbülfət

13:16

Azərbaycanda daha bir körpə küçəyə atılıb.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

O bildirib ki, körpə Ağcabədidə küçəyə atılıb.

Yeni doğulmuş körpə oğlandır. Onun çəkisi iki kiloqram, boyu isə 48 santimetrdir.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtda “Yaşıldərə” yaşayış massivində zibil qutusunda və Ucarda isə köhnə tikilidə yeni doğulmuş uşaq tapılmışdı.

Source link