Deputat: “Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyəni dünyada söz sahibinə çevirəcək”

“Türkiyə ilə müttəfiqlik haqqında imzalanan Şuşa Bəyannaməsi cənab Prezident  İlham Əliyevin dövrün tələblərinə, çağrışlarına uyğun olaraq çevik reaksiya verib, Azərbaycanın milli maraqlarına uyğun olaraq gələcək inkişafı, təhlükəsizliyi baxımdan strateji əhəmiyyət kəsb edən bir sənəddir. Bu sənəd Azərbaycanın geostrateji, geosiyasi, geoiqtisadi  baxımdan, o cümlədən dünyadakı mövqeyinin və nüfuzunun daha da artmasına  xidmət edəcək. Şuşa Bəyannaməsi bir daha Azərbaycanın xilaskar lideri cənab Prezident İlham Əliyevin nə qədər uzaqgörən və müdrik rəhbər olduğunun sübutudur”.

Bunu “Ölkə.Az”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi təkcə işğaldan azad olunan torpaqlarımızda Böyük qayıdışı təmin edən bərpa-quruculuq işlərinin sürətləndirməyəcək,  bütövlükdə Azərbaycan iqtisadiyyatının ən müxtəlif spektrlərini, o cümlədən hərbi-sənaye kompleksinin inkişafına, regional iqtisadi əməkdaşlığa da öz töhfəsini verəcək.

“Şuşa Bəyannaməsi Azərbaycanda biznesin uzunmüddətli gözləntiləri üçün zəmin yaratmaqla yanaşı, investisiya mühitinə əlavə qarant kimi qiymətləndirilməlidir. Sənəd iqtisadi əlaqələrin genişləndirilməsi ölkələr arasında investisiya qoyuluşlarını da artıracaq. Bundan sonra isə qarşılıqlı əməkdaşlıq üçün yeni üfüqlər açılacaq. Artıq bununla bağlı hər iki ölkənin lideri Şuşada  müəyyən mesajlar verdilər. Türkiyə Prezidenti  cənab Ərdoğan çıxışında üçüncü ölkədə  enerji sahəsində, xüsusən də SOCAR-la birgə əməkdaşlıq etməyə hazır olduğunu bəyan etdi.  İmzalanan sənəd eyni zamanda qarşıdakı dövrdə iki ölkə arasında iqtisadi-ticari, gömrük və vergi sistemində də əməkdaşlığın yeni müstəviyə çıxmasına gətirib çıxaracaq”.

Millət vəkili əlavə edib ki, Şuşa Bəyannaməsi iqtisadi sferanın hərbi sənaye sahəsinin inkişafında da müstəsna rolu olacaq: “Artıq cənab Ərdoğan bu sahədə də gələcək əməkdaşlığın  daha dərinləşdirilərək birgə pilotsuz uçan aparatların (PUA) Azərbaycanda birgə istehsalını mümkünlüyü barədə anonsunu verdi. Onsuz da iki ölkə arasında bu sahədə əməkdaşlıq mövcuddur və bu gələcək də daha da dərinləşəcək. Bununla da Azərbaycan Türkiyənin  dəstəyi ilə müdafiə sənayesi sahəsində ixrac, idxalın əvəzlənməsi və qlobal dəyər zəncirlərinə qoşulmaq nöqteyi-nəzərindən imkanlar qazanır.

Bəyannamədə regional əməkdaşlıq baxımından Zəngəzur nəqliyyat  dəhlizi ilə bağlı məsələnin yer ayrılması hər iki ölkə üçün əhəmiyyətlidir: “Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın qalan bölgələri arasında nəqliyyat imkanlarının açılması deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsidir. Odur ki, Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi bu baxımdan Şərq-Qərb üzrə gündəlik milyardlarla dollar daşıma həyata keçirən kommersiya qurumlarına və onların maraqlarını müdafiə edən başda Çin və Avropa olmaqla dövlətlərə sərfəlidir. Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, Şuşa Bəyannaməsində əksini tapan iqtisadi məsələlər bütün region ölkələrinin, o cümlədən Ermənistanın maraqlarına xidmət edir. Bu həm də bölgənin yeni əməkdaşlıq formatında  irəliyə aparılmasında Azərbaycanla Türkiyə lokomtiv rolunu oynayacaq. Nəticə etibarı ilə Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin gücünə əlavə güc qatmaqla, dünyada güc mərkəzinə və söz sahibinə çevrilməsinə gətirib çıxaracaq”.

Son olaraq millət vəkili deyib ki, Şuşa Bəyannaməsi siyasi cəhətdən düşmənlərimizin məkrli planlarının reallaşdırmasını puça çıxarmaq və ölkəmizə qarşı  gözləniləcək xarici təhdidlərin aradan qaldırılması baxımından müstəsna rol oynayır: “1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”  Azərbaycan üçün hansı tarixi əhəmiyyətə malik idisə Şuşa Bəyannaməsi də eyni ilə böyük tarixi əhəmiyyətə malikdir. “Əsrin müqaviləsi” həmin dövrdə   Azərbaycanın  bir müstəqil dövlət olaraq möhkəmlənməsinin və inkişafının təməl daşı oldusa, 15 iyunda Şuşada  imzalanan Müttəfiqlik Bəyannaməsi  Azərbaycanın ərazi bütövlüyünü təmin edildikdən sonrakı yeni inkişaf dövrünün,  bölgədə və dünyada oynayacağı aktiv oyunçu kimi mövqeyinin möhkəmlənməsi, nüfuzunun artması baxımdan  mühüm rol oynayacaq”.

Mürtəza
Ölkə.Az