Şuşadan dünyaya bu mesajlar veriləcək – Deputat

“Avropa Çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi, bundan əvvəl isə “Formula-1” yarışlarının ölkəmizdə təşkili birinci növbədə onu göstərir ki, Azərbaycan həm post-pandemiya dövründə, həm də 44 günlük Vətən Müharibəsindəki zəfərindən sonra tez toparlanmağı bacaran, çevik siyasət yürüdən bir ölkədir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib.

Millət vəkili bildirib ki, digər tərəfdən, bu tədbirlərin keçirilməsi ölkəmizin ədalətli sülhüm təbliğ edilməsi, Azərbaycanın sülhə, idmana bir çağırış etməsinə işarədir:

“Bilirsiniz ki, idman sülhü və ədaləti tərənnüm, təbliğ edir. Biz bu kimi vasitələrlə dünyaya sülh və əmin-amanlıq, ədalət üzərində formalaşmış bir ölkə olduğumuzun mesajlarını veririk. Bu cür yarışların Azərbaycanda keçirilməsinin digər önəmli cəhətlərindən biri də hazırda bütün dünyada sıfıra düşmüş turizmin ölkəmizdə yavaş-yavaş dirçəlməsinə hesablanıb. Bu yarışların ölkəmizdə keçirilməsi turizmin inkişafına dvidendlər gətirəcək. Ölkəmizə turist axını həm də yenidən ölkəmizin təbliğinin güclənməsi anlamına gəlir. Azərbaycan yenidən öz adət-ənənələrini, gözəlliklərini dünyaya göstərəcək. Digər tərəfdən, bu cür beynəlxalq yarışları ölkəmizdə təşkil etmək hazırda quruculuq işləri apardığımız Qarabağı təbliğ etmək baxımından önəmlidir. Əminəm ki, yaxın zamanlarda cənnət-məkana çevirəcəyimiz Qarabağda da bu cür beynəlxalq idman yarışlarının keçiriləcəyinin şahidi olacağıq”.

Deputatın fikrincə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə növbəti səfəri və bu səfər çərçivəsində ölkəmizdə keçirilən Avropa Çempionatının qrup oyununu izləməsinin, eyni zamanda, cənab Prezidentimizlə Füzuliyə və Şuşaya səfər etməsinin siyasi tərəfləri də var:

“Bu, o deməkdir ki, iki qardaş ölkələr həmişə olduğu kimi, indi də bir yerdədir. Bu dostluğun, qardaşlığın dünyada analoqu olmadığını göstəririk. Şuşa bizim mədəniyyət paytaxtımızdır. Şuşada bir sıra müqavilələrin imzalanması, mesajların verilməsi bütün dünyaya bir ismarış olacaq. Yəni, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, ölkəmizin ayrılmaz hissəsidir. İki qardaş ölkə rəhbərinin Şuşadan dünyaya mesaj ötürməsi bizim birliyimizin əbədi olmasına bir işarədir. Biz bütün dünyaya göstəririk ki, Azərbaycan və Türkiyə ən çətin, ən sevincli günlərində bir-birlərinin yanındadırlar”.

Tural Turan