MÜSTƏQILLIYIMIZ QƏDƏR ÖNƏMLI TARIXLƏRDƏN OLAN 15 IYUN – MILLI QURTULUŞ GÜNÜNÜ QEYD EDIRIK.

Müstəqilliyimiz qədər önəmli tarixlərdən olan 15 iyun – Milli Qurtuluş Gününü qeyd edirik. Ümummilli Lider Heydər Əliyevi hər zaman ən böyük azərbaycanlı kimi xatırlayırıq. Əgər bu gün güclü Azərbaycan haqqında bəhs ediriksə, bu birbaşa ən böyük azərbaycanlı olan Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun böyüklüyü özünü bir daha Şuşanın azad olunması zamanı Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciəti zamanı göstərdi. Prezident İlham Əliyevin “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” deməsi ilə bir daha hər birimizə əyan oldu ki, Ulu Öndər ömrünün son anlarında da Azərbaycanı düşünüb, onun gələcəyi ilə bağlı tövsiyələr verib. Bu, müasir tariximizə qızıl hərflərlə yazılan ata vəsiyyətidir.

Heydər Əliyevin həyatı, əslində, bir insanın ömür yolu deyil, bu, Azərbaycanın tarixi, inkişafı, milli tərəqqi yoludur. Həyatının böyük bir hissəsi Azərbaycanla bağlı olan Ulu Öndər hər zaman ölkəmiz, xalqımız üçün çalışmış, dövlətimizin gələcəkdə daha güclü olması üçün zamanında lazımi addımlar atmışdır. “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Ulu Öndər Azərbaycan xalqına da çox açıq bir mesaj verirdi – Azərbaycanın uğurlu gələcəyi yalnız onun siyasi varisi İlham Əliyevlə bağlı ola bilər. Prezident İlham Əliyev bu gün Azərbaycanı regionun lider dövlətinə çevirib. Azərbaycan dünyada sayılıb-seçilən ölkələrdən biridir. Ölkəmiz qlobal proseslərə də kifayət qədər böyük töhvələr verir. Ali Baş Komandan kimi də o, cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Əminliklə deyə bilərik ki, bugünkü Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Hələ qarşıda görülməli olan çox işlər var. Azərbaycan xalqı çox yaxşı bilir ki, bu işləri yalnız Prezident İlham Əliyev yerinə yetirə bilər. Ona görə bundan sonrakı dövrdə də xalqımız müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşməkdə davam edəcək.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov