1260 manata qol çəkdirib 600 manat verirlər- FHN-in modul xəstəxanalarında çalışanlar aldadılır

İctimai fəal Bəxtiyar Hacıyev yazır:
FHN-in modul tipli xəstəxanalarında çalışanlardan xeyli sayda şikayət gəlir. Yazırlar ki, müqavilədə bir məbləğ yazılır, ancaq maaşların yarısı verilir, müqavilədə istirahət günləri göstərilsə də, fasiləsiz şəkildə işlədilirlər. Sonra da ixtisara salıb, bəzi hallarda o yarı maaşları da vermirlər. İstirahət günü dincəlmək şərtilə, gündə 4 saat iş üçün 1260 manat maaşa imza atıb, istirahət günü olmadan gündə 8 saat işlədilib, əvvəlcə 1000, sonra 600 manat maaş aldıqlarını deyirlər.
Bu mövzuda bir dəfə də yazmışdım, ölkə 2020-də iki müharibə apardı. Birini Qarabağda erməni separatçıları ilə, digərini xəstəxanalarda koronavirus pandemiyasına qarşı. Hərbçilərin maaşları yarıya endirildi, koronavirusla mübarizə aparanları da belə edirlər. Birinci dəfə yazanda müstəqil mediadan bəzi jurnalist dostlar əlaqə saxlayıb, danışacaq adam axtardılar. Şikayətçilər isə “atam dövlət işində işləyir”, “hələ orada işləyirəm”, “qorxuram problem olar” və s. deyib, danışmaqdan yayındılar.
Əgər haqlarınız pozulursa, özünüz də bunun müdafiəsinə qalxmalısınız. Əks halda, məlumat ötürüb, “siz ictimailəşdirin, biz danışmayaq” deyəcəksinizsə, heç nə düzəlməyəcək.